Erməni revanşizmin son çırpıntıları – İrəvandakı etirazların PƏRDƏARXASI

Erməni revanşizmin son çırpıntıları – İrəvandakı etirazların PƏRDƏARXASI

Hazırda oxunan: Erməni revanşizmin son çırpıntıları – İrəvandakı etirazların PƏRDƏARXASI

43947

Bu gün – oktyabrın 30-da İrəvanda Ermənistan müxalifəti növbəti etiraz aksiyaları dalğasına start verəcək. Belə ki, son həftələrdə noyabrın 9-10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin danışıqlar masasına oturacağı ilə bağlı erməni mətbuatında yayılan xəbərlər müxalifət başbilənlərinin narazılıq sədalarının yüksəlməsinə səbəb olmuşdu. Ələxsus da, erməni revanşizminin daşıyıcısı kimi, hər fürsətdə Nikol Paşinyan hökumətini qaralamağı özünə əsas vəzifə seçmiş “Qarabağ klanı” ölmüş reytinqini bərpa etmək üçün azsaylı tərəfdarlarını 10 günlük meydanlara çağırıb. 

Ümumilikdə, gözlənilən mitinqlər revanşist müxalifətin son 1 il ərzində 3-cü aksiyalar cəhdidir. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan Bakıdakı erməni kursundan niyə qorxuya düşüb? – Erməni türkoloqun ŞƏRHİ


İlk olaraq, Köçəryan-Sarkisyan tandeminin mitinq oyunları ilə meydanlara çıxması isə, elə ötən il 10 noyabr bəyanatının imzalanmasından sonra oynanılmağa başlandı. İlk vaxtlarda müharibədə ani məğlubiyyətin şokunu yaşayan erməni xalqının xeyli hissəsi Klanın oyunlarının oyuncağına çevrildi. Lakin zaman keçdikcə reallığı dərk edən ermənilər yavaş-yavaş meydanları tərk etməyə başladılar. Çünki erməni xalqının mübarizə əzmi artıq qırılmışdı.

Meydan teatrının növbəti mərhələsi isə, bu ilin aprelindən etibarən səhnələşdirildi. Bu dəfə isə, Paşinyanın növbədənkənar seçkilərin keçiriləcəyi xəbərini verməsi revanşistlər üçün bəhanə oldu. Xüsusilə də, patriotizm elementlərilə bəzədilmiş pafoslu çıxışları ilə Paşinyanı xain kimi qələmə verib, öz rüşvətxor hakimiyyətini yenidən bərpa edə biləcəyinə inanan Köçəryan daha çox fəallıq göstərirdi.

Lakin ermənilər bu dəfə revanşizmin vurduğu zərərlərin fərqinə vararaq, yenə də Paşinyanın yanından yer aldılar.
 

İndi isə, Paşinyanın regionun çoxdandır həsrətində olduğu sabitliyin bərqərar olmasına gətirib çıxaracaq real addımlar atması erməni revanşizminin son çırpınışlarının start götürməsinə səbəb olub.


Müxalifətin meydan “hərəkatı”nı son çırpınışlar olaraq qimyətləndirmək üçün isə yetərli səbəblər mövcuddur:

1. Müxalifətin iç üzünün tamamilə ifşa olunması. Erməni xalqı onsuzda korrupsioner “Qarabağ klanı”nın ölkənin başına açdığı oyunlara 20 ilə yaxın müddət ərazində yetərincə şahid olmuşdu. Xalq 1-ci Qarabağ savaşının “qəhrəmanlar”ının əslində onların başına gələn müsibətlərin əsas səbəbkarı olduğunu Paşinyanın son dönəmlərdəki fəaliyyəti ilə daha yaxşı dərk etməyə başladı. Çünki Ermənistanın 30 ilə yaxın səfil durumuna düşməsinin də, 44 günlük savaşdakı məğlubiyyətin də  Sarkisyanların, Ohanyanların utancı olduğu gerçəyini Nikol xalqa aydın şəkildə nümayiş etdirdi.

2. Revaniştlərin daxili dayaqlarının zəifləməsi. Paşinyan 20 iyul seçkilərindəki qələbəsindən sonra hakimiyyətini möhkəmləndirmək üçün fəaliyyətini daha da genişləndirdi. Bu isə, özünü istefalar və həbslər dalğası şəklində büruzə verməyə başladı. Ələxsus da, ölkənin güc strukturlarının yüksək çinli zabitləri və Köçəryan-Sarkisyan dönəmində önəmli vəzifələr tutmuş məmurlar Paşinyanın təmizləmə siyasətinin ilkin hədəflərinə çevrildilər. 

3. Klanın xarici dəstəkdən də məhrum qalması. Hazırki erməni müxalifətinin əsas xarici dayağının Moskvada olması onsuzda heç kimə sirr deyildi. Məhz Rusiyanın Ermənistanla bağlı hansı qərarı verəcəyi müəyyənləşdirilə bilmədiyi üçün 20 iyul seçkilərin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Lakin seçkilərdən sonra Paşinyanın andiçməni gözləmədən Kremlə səfər etməsi Moskvanın seçimini də gün üzünə çıxardı. Belə olan halda isə, Qərb tərəfindən hakimiyyətə gətirilib, Rusiya ilə əlaqələrdə öz yerini bilən, eyni zamanda Azərbaycan və Türkiyə ilə də normallaşma prosesinə start vermək niyyətində olan Paşinyanın qarşısında revanşistlərin azacıq da olsa şansı yoxdur.

Hürən it qapmaz...

Bütün sadalananları nəzərdə aldıqda Ermənistan müxalifətinin sürətlə irəliləyən regional proseslərə hər hansı təsir etmək ehtimalı istisna olunur. Lakin erməni revanşizmi yenə də küçələrdədir. Əksər siyasi ekspertlərin gözündə isə, müxalifətin 10 günlük mitinqləri yalnız bir mənzərəni canlandırır; “Biz də varıq” nidaları atmaqdan səsi batmaq üzrə olan erməni revanşizmi.
 

“Qarabağ klanı”nın varlığını xatırlatmağa ehtiyac duyması isə, onun sonunun gəldiyinin əyani sübutudur.


Necə deyərlər, şamın ən çox işıq saçdığı an, sönməzdən əvvəlki anıdır. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO