Oktyabrın 26-da “YouTube” kanallarından birində YAP-çı millət vəkili Cavid Osmanovla Ağ Partiyanın sədri Tural Abbaslının debatı haqqında müxtəlif rəylər mövcuddur. Canlı yayım zamanı rəy yazanlar və sosial şəbəkə istifadəçilərinin çoxu debatda qalib kimi Tural Abbaslını görüblər. Mövzuya aydınlıq gətirmək üçün deputat Cavid Osmanovdan açıqlama aldıq.
“O fikirdə olanlar çox güman ki, Turalın dəstəsi olub. Sadəcə bunu insanların ixtiyarına buraxmaq lazımdır. Kim ki, doğrudan da Turalın dəstəsindən deyil və proqrama izləyici kimi baxıb, siz də media mənsubu olaraq hiss edirsiz ki, məsələ başqa cürdür”.
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslı YAP-çı deputatı fakt qarşısında qoydu – Onun CAVABI - VİDEO
Bizim.Media-ya özəl açıqlamasında Cavid Osmanov bildirdi ki, əslində normal debat keçib və maraqlı müzakirələr aparılıb.
“Hərə öz fikrini ifadə etdi. Turalın gördüyü reallıq ondan ibarətdir, real həyatı isə mən təqdim elədim” deyən Cavid Osmanov məsələnin bununla da bitdiyini qeyd etdi. YAP üzvü olan millət vəkili əlavə etdi ki, debatların da formatı elə olmalıdır ki, siyasi etikadan kənara çıxılmasın.
Tural Abbaslı ilə debatda siyasi mədəniyyət gözlənildimi?
“Bəli, mən də onu demək istəyirəm ki, debatlar elə bu formatda olmalıdır. Debatlar sakit tərzdə keçirilməlidir. Hay-həşirə nə ehtiyac var”.
Sizcə, müzakirə predmeti, sual və iradlar yalnız fakta əsaslanmalıdır, yoxsa debatlarda şayiə də yer ala bilər?
“Bəziləri heç bir fakta söykənmədən, müəyyən təhlil aparmadan, ya da analiz bacarığı olmadan, yaxud nəyisə araşdırıb nəticəsini bilib, sadəcə sərf etmədiyinə görə fərqli mövqe nümayiş etdirirlər. Məsələn, Tarif Şurası bu yaxınlarda qiymət artımı edib. Axı bu qiymət artımının arxasında müəyyən fundamental məsələlər dayanır. Normal siyasətçi bunu təhlil edib ortaya çıxarmalıdır. Yoxsa elə gözümü yumub ağzımı açım, bu yolverilməzdir”.
Bizim.Media