“Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası 28 sentyabrda baş tutub. Yekunlar dinlənlib, təşkilatın yeni Baş katibi seçilib”.
Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında Türk PA-nın eks Baş katibi Altınbek Mamayusupov səsləndirib.
Yeni Baş katib postuna Türkiyədən olan Mehmet Süreyya Er seçilib:
“Oktyabrın 15-də mən öz səlahiyyətlərimi rəsmən ona təhvil verdim”.
4 illik Türk PA Baş katiblik fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
“Daha öncəki illərdən toplanmış işlər üzərində də çalışdıq. Ekspert potensialı, təşkilatın öhdəliklərindən biri də qanunların yaxınlaşdırılmasıdır (bənzər). Assambleya Şurasının sonuncu plenar iclasında 4 model qanun təqdim etdik. Bundan əvvəl, 2019-cu ildə iki model qanun olub. Üzv ölkələrin qanunlarının sinxronlaşdırılması istiqamətində işlər sürətlənib. Düşünürəm ki, bu, ölkələrimizin gələcəkdə qarşılıqlı əməkdaşlıq və inteqrasiyası baxımından faydalıdır”.
Sonda qeyd edək ki, Türk PA-nın yeni Baş katibi Mehmet Süreyya Er 1964-cü ildə İzmirdə doğulub.
1989-cu ildə İstabnbul Universitetinin fəlsəfə, 1992-ci ildə politologiya və beynəlxalq münasibətlər, 1995-ci ildə isə Bosfor Universitetinin tarix fakültəsini bitirib. SSRİ dağıldıqdan sonra Süreyya Er elmi cəhətdən diqqətini Mərkəzi Asiyada cəmləyib.
1999-cu ildə Los-Ancelesdə magistr, daha sonra doktorluğa namizəd dərəcəsini alır. Həmçinin Osmanlı əlyazmaları layihəsinin rəhbəri olub. 2011-ci ildə Miçiqan Universitetində dərs deyib. 2018-ci ilə qədər Türkiyənin əməkdaşlıq və koordinasiya agentliyinin (TİKA) vitse-prezidenti olub. Cavabdeh olduğu departamentlərdən biri də Mərkəzi Asiya və Qafqaz adlanırdı. Sonra Türkiyənin Özbəkistandakı səfiri təyin olunub.
Ailəlidir, Azərbaycan, ingilis, özbək dillərini bilir. Ərəb, fars, fransız, rus, çin və osmanlı türkçəsinə də oxumaq səviyyəsində hakimdir. Müxtəlif beynəlxalq mükafatlara layiq görülüb.
Anar Rəhimov, Bizim.Media