Taliban Türkiyədən nə istəyir? – Detallar ÜZƏ ÇIXDI

Taliban Türkiyədən nə istəyir? – Detallar ÜZƏ ÇIXDI

Hazırda oxunan: Taliban Türkiyədən nə istəyir? – Detallar ÜZƏ ÇIXDI

41725

Taliban Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra, bir sıra dövlətlərlə dialoqun qurulması cəhdlərini davam etdirir. Bu sıraya Türkiyənin adını da qeyd edə bilərik. Talibanın əməkdaşlıq cəhdləri isə, artıq yeni mərhələyə qədim qoyub.

Belə ki, iqtidarı ələ keçirməzdən əvvəl də, bəzi dövlətlərlə danışıqlar aparan Taliban rəsmilərinin bu dəfəki ziyarəti Ankaraya olub. Oktyabrın 14-də Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu və Taliban nümayəndə heyəti arasında görüş keçirilib.

Qeyd edək ki, Taliban-Türkiyə münasibətləri son bir neçə ay ərazində aktuallaşmağa başlayıb. Doğrudur, bəzən tərəflər arasındakı əlaqələrdə dalğalanmalar müşahidə olunub. Lakin digər NATO üzvlərinə qarşı radikal çıxışlar edən qruplaşma, Türkiyənin ünvanına daha çox müsbət mesajlar göndərməsi ilə seçilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Taliban “ölüm batalyonu”nu Çin və Tacikistanla sərhədə göndərdi


Ümumilikdə isə, Ankarada görüşündə baş verənlər və tərəflərin mətbuata verdiyi açıqlamalar müzakirələrin yüksək səviyyədə keçdiyini göstərib.

Belə ki, Taliban tərəfi Türkiyənin digər Qərb ölkələrindən fərqli olaraq, yüksək mərtəbədən çıxış etmədiyini və lazımi tövsiyyələrin verildiyini qeyd edib. Çavuşoğlunun da, açıqlamasında bir sıra xarici ölkələrin nümayəndələri ilə birlikdə Kabilə səfər etmək niyyətindən də söz açılıb.

Görüş zamanı əsas diqqət çəkən məqamlardan biri isə, salonda yalnız Türkiyə bayrağının olması idi. Bu addım, rəsmi Ankaranın Talibanı Əfqanıstanın rəsmi təmsilçiləri olaraq qəbul etmədiyinin əyani göstəricisi idi.

Taliban Türkiyədən nə istəyir?

Təbii ki, 2 aya yaxın bir müddətdir hakimiyyətdə olan Talibana qarşı xüsusilə Qərb ölkələrindən ciddi təzyiqlər mövcuddur. Belə ki, əksər ölkələr iqtisadiyyatı çökmüş vəziyyətdə olan Əfqanıstanla əməkdaşlıqdan və humanitar yarımların göstərilməsindən üz döndəriblər. Belə olan halda isə, ölkədəki vəziyyət günbəgün daha da ağırlaşmaqdadır. Ələxsus da, Əfqanıstan dövlətinin xarici bank hesablarının dondurulması, Talibanın siyasi və iqtisadi manevr imkanlarını minimuma endirib.

 

Təsadüfi deyil ki, Taliban nümayəndələrinin də Ankara görüşündə əsas xahişi, ölkəyə humanitar yardımların göstərilməsi idi.


Lakin Talibanın humanitar yardım xahişi, təbii ki, ilk növbədə nail olmağa çalışılan məqsəddir. Ümumilikdə isə, qruplaşmanın əsas niyyəti hakimiyyətinin digər ölkələr tərəfindən tanınmasıdır. Bunun üçün isə, Türkiyə mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, rəsmi Ankaranın NATO-ya üzvlüyü və İslam aləmində böyük nüfuza malik olması, digər dövlətlərin də Talibanla dialoqlar qurmasında açar rolunu oynaya bilər.

Türkiyənin Əfqanıstan maraqları

Təbii ki, bu cür situasiyalarda dövlət maraqları siyasətçilər üçün hər zaman ön planda olmalıdır. Buna müvafiq olaraq, rəsmi Ankaranın Talibanla əməkdaşlığın qurulmasında maraqlarının heç də az olmadığını qeyd etmək vacibdir.
 

Belə ki, ilk növbədə yalnız regional yox, qlobal gücə çevrilmək üçün Türkiyənin dünyanın müxtəlif nöqtələrində nüfuz sahibi olması vacibdir.


İkinci nüans isə, Əfqanıstanın yerləşdiyi region baxımından istənilən böyük güclər üçün mühüm önəm kəsb etməsidir. Xüsusilə də, bütün dünyada iqtisadi gücün ön plana çıxdığı bu dövrdə logistik imkanlı yüksək olan dövlətlərin təsir mexanizmləri də xeyli artır. Əfqanıstan isə, Çin-Avropa daşınmalarının həyata keçirilməsində ən perspektivli marşrutlardan biri hesab olunur. Belə ki, uzun illər regionda davam edən qeyri-sabitlik səbəbindən daşınmaların böyük bir qismi Pakistan və İran limanları vasitəsilə həyata keçirilirdi.

Lakin lazımi infrastruktur yaradılacağı təqdirdə, Əfqanıstandan keçəcək nəqliyyat dəhlizinin əsas marşruta çevriləcəyi şübhəsizdir.

Ümumilikdə isə, Türkiyə-Taliban danışıqlarının davamlı olaraq müsbət məcrada keçməsi, yaxın perspektivdə rəsmi Ankaranın Əfqanıstanda əsas nüfuz sahibinə çevrilməsinə gətirib çıxara bilər. Bu isə, yuxarıda sadaladığımız səbəblərdən ötürü Azərbaycan üçün də böyük imkanlar deməkdir. 
 

Çünki siyasi olaraq Türkiyənin Əfqanıstanda əsas gücə çevrilməsi, ilk növbədə, İranı gələcək dövrdə rəsmi Bakıya qarşı təhdidkar ritorika seçməzdən əvvəl daha diqqətlə düşünməyə və üzünü şərqə də çevirməyə vadar edəcək.


Bundan əlavə Əfqanıstan kimi, Azərbaycan da Asiya-Avropa logistik zəncirinin ən önəmli halqalarından biridir. Ələxsus da, Zəngəzur dəhlizi kimi yüksək perspektiv vəd edən layihənin yaxın dönəmdə reallaşması ilə, paralel olaraq Əfqanıstanın da logistika koridoruna çevrilməsi, sözügedən marşrutun daşınmalarda ilk seçimə çevriləcəyinə şübhə yeri qoymur.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO