Penitensiar Xidmətin rəisinə işgəncə ittihamı

Penitensiar Xidmətin rəisinə işgəncə ittihamı

Hazırda oxunan: Penitensiar Xidmətin rəisinə işgəncə ittihamı

39717
“Saxlanma şəraitindən şikayətlənən, vəziyyətilə maraqlanmağım üçün mənə müraciət edən məhbuslara işgəncə verilir”. Bunu “Aznews.az”a Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. Hüquq müdafiəçisi iddia edib ki, bu məsələdə maraqlı şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevdir: “Mədət Quliyev mənə müraciət edən məhbuslara işgəncə verdirir. Artıq üç ilə yaxındır ki, haqlı tənqidimə görə Mədət Quliyevin göstərişilə mənə cəzaçəkmə müəssisələrində monitorinq aparmağa məhdudiyyət qoyulub.    
Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin cəzaçəkmə müəssisələrində monitorinq aparmasına qadağa qoyulmasına nə ad vermək olar? Onlar cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı işgəncə və qeyri-insani rəftarı gizlədirlər. Hazırda biz bu cür təzyiqlərə məruz qalan insanlarla görüşə bilmirik. Buna da Mədət Quliyev tərəfindən göstəriş verilib”. E.Behbudov bildirib ki, göstərişə əsasən, onun rəhbərlik etdiyi təşkilata müraciət edən məhbuslar cərimə otaqlarına salınaraq incidilir: “Artıq bu faktla bağlı bir neçə məhbusun ailə üzvləri mənə müraciət ediblər”. 
Hüquq müdafiəçisi qeyd edib ki, Penitensiar Xidmət rəhbərliyinin Işgəncələrə Qarşı Azərbaycan Komitəsinə qoyduğu qadağanın aradan qaldırılması üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət edib. Lakin ona qaneedici cavab verilməyib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə “Azadlıq”a açıqlamasında bildirib ki, Elçin Behbudov cəzaçəkmə müəssisələrində dəfələrlə monitorinqlər aparıb: “Bu monitorinqləri həm özü tək, həm də ATƏT-in müxtəlif layihələri çərçivəsində həyata keçirib. Bildiyiniz kimi, Ədliyyə Nazirliyinin nəzdində Ictimai Komitə fəaliyyət göstərir. Ictimai Komitə də hər il seçki yoluyla formalaşır. Elçin Behbudov bu komitənin seçkilərində iştirak edir və üzvü olduğu vaxtlarda cəzaçəkmə müəssisələrində monitorinqlər keçirib. Müəyyən dövrdən sonra onu seçməyiblər. Bizim təlimatda da yazılıb ki, Ictimai Komitədə təmsil olunmayan QHT-lər monitorinq aparmaq istəyirlərsə, komitəyə müraciət edib üzvlərilə birlikdə cəzaçəkmə müəssisələrində monitorinq keçirə bilər. Azərbaycanda yüzlərlə hüquq-müdafiə təşkilatı var. Çoxunun nizamnamələrində qeyd olunub ki, cəzaçəkmə müəssisələrində monitorinqlər, müxtəlif layihələr keçirə bilərlər. Bu məsələləri tənzimləmək üçün məhz Ictimai Komitə yaranıb. Elçin Behbudova demişik ki, hər hansı təşəbbüsdə bulunarsa Ictimai Komitəyə müraciət etsin, onların üzvlərilə birlikdə monitorinq aparsın”. Mehman Sadıqov Elçin Behbudovun “Mədət Quliyev mənə müraciət edən məhbuslara işgəncə verdirir” iddiasına da münasibət bildirib: “Hər hansı məhbusun hüququ pozulanda Mədət Quliyev çox ciddi reaksiya verir. Əksinə, Elçin müəllim, başqa hüquq müdafiə təşkilatlarının rəhbərləri, Ictimai Komitənin üzvləri cəzaçəkmə müəssisələriylə bağlı hər hansı bir məlumat yayıblarsa, Mədət Quliyev dərhal ona reaksiya verib. Yəni, Elçin müəllimin bu barədə dedikləri həqiqətə uyğun deyil, absurddur”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO