Sentyabrın 24-də İranın bir neçə millət vəkili "Twitter" sosial şəbəkəsində Azərbaycanı aşağılayan və təhdid edən məlumatlara yer veriblər.
Belə ki, Məhəmmədreza Əhmədi Sangari adlı İranlı deputat öz “Twitter” hesabında qalmaqallı məlumat paylaşıb. O, "Görünür, rəsmi Bakı türk dopinqi altında qazanılan qələbələrdən aldanıb. Kiçik ölkənizin yaşı parlamentimizin ən gənc deputatının yaşından aşağıdır, buna görə özünüzü əbəs yerə utandırmayın", - deyə qeyd edib.
Digər bir millət vəkili, Ərdəbil əyalətinin Germi rayonundan seçilmiş Vəli Esmaili isə Azərbaycanı “kiçik qonşu” adlandırıb və “hiyləgər sionist planlardan” çəkinməyə çağırıb.
İran millət vəkillərinin sosial şəbkələrdə ardıcıl və sistemli şəkildə Azərbaycan əleyhində məlumatlar tirajlamaları baş verənlərin qonşu dövlətin rəsmi dairələri tərəfindən məqsədli şəkildə planlaşdırıldığını göstərir. Görünür ki, İran hələ də bölgədəki reallıqları və Azərbaycanın rəsmi mövqeyini başa düşmək istəmir.
MÖVZU İLƏ BAĞLI:
İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO
İranın qəbul edə bilmədiyi yeni reallıq
Bu gün Azərbaycan Cənubi Qafqaz regionun lider dövlətidir. Bölgədə heç bir siyasi, beynəlxalq iqtisadi layihə onun iştirakı və icazəsi olmadan icra edilə bilməz. Azərbaycan artıq 30 ilə yaxın bir müddətdir ki, öz müstəqilliyini və ərazi bütövlüyünü qanı, canı bahasına təmin etmiş ölkədir. Azərbaycan öz mənafeylərinə uyğun müttəfiq seçməkdə də müstəqildir. Heç kim, xüsusilə İran onunla təzyiq və təhdid dili ilə danışa bilməz.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazi bütövlüyünü öz gücü hesabına işğaldan azad edib və Cənubi Qafqaz regionunda yeni reallıq yaradıb.
Bununla hesablaşmaq istəməyənlərin problemi isə Azərbaycanın problemi deyil. Azərbaycan son 30 illik zaman ərzində regionda sülhməramlı siyasət yürüdüb və bütün region dövlətləri ilə qarşılıqlı əmakdaşlıq ideyasına hər zaman sadiq qalıb. Lakin təəssüflər olsun ki, İranın mövqeyi haqqında bu fikirləri səsləndirmək mümkün deyil.
İranın uğursuz qonşuluq siyasəti
İran Ermənistan tərəfindən başladılan Birinci Qarabağ Müharibəsi və 27 il davam edən işğalçılıq dövründə daha çox İrəvanın tərəfini saxlayıb. Azərbaycan tərəfinin işğalçı dövləti iqtisadi blokadada saxlamaq cəhdini sarsıdaraq ermənilərə hər gün milyonlarla dollar dəyərində yardımlar edib və onları işğalçılıq missiyasından daşındırmağa mane olub. İran islam dövləti olmasına baxmayaraq, 1 milyona yaxın müsəlmanın qaçqın və məcburi köçkün düşməsinə göz yumub, işğal olunan ərazilərdə Allahın evi sayılan 67 məscidin dağıdılmasına hər hansı formada münasibət bildirməyib.
İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Ermənistana hər cür yardımlar edib və indi də bu yardımları davam etdirməkdədir.
Bütün sadaladıqlarımıza rəğmən İran regionda öz çəkisini artırmaq istəyirsə, Azərbaycanla bərabərtərəfli əməkdaşlığa meyl etməli, münasibətlərdə hər hansı özfəaliyyətə yol verməməli və səmimi olmalıdır. Azərbaycan isə müstəqil bir dövlət kimi, öz sülhməramlı missiyasını davam etdirməkdə və razılaşdırılan bütün şərtlərə sadiqlik nümayiş etdirməkdə israrlıdır.
Bizim.Media