Əhməd Obalı: “İran Azərbaycanla hərbi konfliktə girə bilməz” - ÖZƏL MÜSAHİBƏ

Əhməd Obalı: “İran Azərbaycanla hərbi konfliktə girə bilməz” - ÖZƏL MÜSAHİBƏ

Hazırda oxunan: Əhməd Obalı: “İran Azərbaycanla hərbi konfliktə girə bilməz” - ÖZƏL MÜSAHİBƏ

38288

İranın Azərbaycan narahatlıqlarının əsasını nə təşkil edir?

“İranın Azərbaycana qarşı narahatlıqlarının əsasını nə təşkil edir deyəndə biz, nəinki bu gün, bəlkə həm müasir, həm də keçmiş tarixə qayıtmalıyıq. İrançılıq farsçılıq üstündə qurulub. Farsçılıq isə türk düşmənçiliyi üzərində formalaşıb.

Türkə qarşı düşmənçilik farsçılığın əsas bünövrə, sütunlarından biridir” deyən “Günaz TV”nin qurucusu Əhməd Obalı əlavə etdi ki, bütün bunları Firdovsinin “Şahnamə”sində İran-Turan savaşında da görmək olar. 

Bizim.Media-ya özəl müsahibəsində Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin İdarə Heyətinin üzvü Əhməd Obalı vurğuladı ki, İranın müasir dövlət siyasətində də türk düşmənçiliyi sezilir:

“İranın Azərbaycana qarşı düşmənçiliyinin, narahatlığının bir qismi bundan ibarətdir. İranın ən azı 3/1-i azərbaycanlılardan ibarətdir. Azərbaycanlıların yaşadığı torpağın adı da Azərbaycandır.
 

MÖVZU İLƏ BAĞLI:

İran Azərbaycanla sərhəddə "Fəcr-5" raketi yerləşdirdi – FOTO


Bir hissəsinin adını dəyişib Zəncan, Qəzvin, Həmədan qoysalar da, Ərdəbilə dəyişdirsələr də, oralar tarixi Azərbaycan torpağı sayılır – Tehranın yanından Türkiyə sərhədinə qədər. Bunun üçün də Şimali Azərbaycan dövlətinin yaranması İran üçün onların nəzərində de-fakto bir təhlükə sayılır. Çünki həm ad Azərbaycandır, həm də dövlətin güclənməsi, Qarabağın da azad edilməsi Güney Azərbaycanda milli ruhu çox yüksəldibdir.
 

İran bir tərəfdən bundan narahatdır. Digər tərəfdən də Ermənistanla ticarəti getdikcə azalır. İran embarqonu qırmaq üçün Ermənistandan da istifadə edirdi. İndi isə o şansı azalır.


Narkotik maddələri Avropaya göndərmək üçün işğal olunan torpaqlardan istifadə edirdilər, o şansları tükənir. 

Yəni, bir çox məhdudiyyətlər yaranır ki, bu, İran və farsçılıq üçün qəbulolunmazdır. Bunun üçün də söhbət o 23-25 kilometr yoldan getmir, söhbət odur ki, İran və farsçılıq Azərbaycan və azərbaycançılıqla düşməndir”.

Tehranın şantaj və təhdid dolu mesajları real hərbi konflikt yarada bilərmi?

“İran dövləti bu gün heç bir başqa dövlətlə, özəllikllə Azərbaycanla hərbi konfliktə girə bilməz. Girərsə, özünün məğlub olmasını indidən bilməlidir. Çünki əvvəla Azərbaycanın güclü dövrüdür. Güclü ölkələr də Bakının yanındadır.

Dünya İran dövlətini bəyənmir. Əlavə olaraq İranın öz içində bu dəqiqə Güney azərbaycanlıların böyük əksəriyyəti Azərbaycanın tərəfini tutacaq.
 

Bu, həm də İranın silahlı qüvvələrinin içində olan Azərbaycan kökənli hərbçilərə aiddir. Onun üçün İran yalnız təhdid edə bilər, lakin hər hansı ciddi münaqişəyə girə bilməz. Odur ki, buna blef etmək deyirlər. “Aslanın quyruğu ilə oynamayın” ifadələri ilə bu üsuldan istifadə edirlər və Azərbaycanı geri oturtmağa çalışırlar.


Məncə, Azərbaycan dövləti möhkəm durmalıdır və bu günə qədər, son həftələrdə işini ciddi aparıb. Belə olan halda isə İran geri addım atmağa məcbur qalacaq. İran Azərbaycandan daha çox asılıdır, nəinki Azərbaycan İrandan...”

Onlar 40 milyon azərbaycanlının etirazından qorxmurlar?    

“Əlbəttə ki, qorxurlar. Mən yenə də sizə dost və qardaş kimi deyim ki, rəqəmləri düzgün demək lazımdır. Bizim orada 40 milyon sayımız yoxdur. İranın cəmiyyətinin yarısı biz deyilik. Ola-olmaya 30-35 milyon azərbaycanlı var. Amma cəmiyyətin təxminən 100/35-i azərbaycanlılardan ibarətdir. Bu da təxminən 30 milyon təşkil edir. Böyük bir rəqəmdir. 10 milyon da olsa, böyük bir rəqəmdir. Fakt budur ki, azərbaycanlılar orada öz torpaqlarında yaşayırlar.

Bu da azərbaycanlıların İrana böyük bir təhdidi ola bilir. İran bundan qorxur. Əslində o qorxusuna görə qabaqdangəlmişlik edir. İran azərbaycanlıların gücündən çəkinir”.

Və sonda Güney Azərbaycanın müstəqil ölkə kimi İrandan ayrılması, yaxud muxtariyyət alması hazırkı geosiyasi durumda nə dərəcədə mümkündür?

“Bunun üçün biz SSRİ-nin son 20-30 ilinə diqqət eləsək, bəsdir. Sovet ittifaqında o vaxt gedən proseslər bu gün də İranda cərəyan edir. Həm dövlət millətə inanmır, həm də millət dövlətə... Sistem çöküb, iqtisadi durum çox pisdir.
 

Dünya o sistemi bəyənmirdi, bu sistemi də bəyənmir. Məmləkətin içində etnik qruplar getdikcə qütbləşir. Azərbaycan öz, ərəblər, bəluclar, kürdlər də öz milli kimliyinə daha çox yaxınlaşmaq istəyirlər.


Bu baxımdan İranın bugünkü durumu SSRİ-nin axır 20-30 ilindəki vəziyyətinin fotokopiyası kimi görünür və bu dövlət mütləq dağılmalıdır.

Ən xoş durumda federal dövlətlər yarana bilər. Amma görünür ki, İranın durumu federalla da həll olunmayacaq. İran dağılmağa doğru gedir ki, bu da farsçılıq siyasətinin nəticəsidir. Farslar digər millətlərin hüquqlarını nə qədər pozarlarsa, qonşuları ilə yaxşı davranmazlarsa, bu, məmləkətin dağılmağa istiqamətləndiyi deməkdir. 

Məncə dünya da yavaş-yavaş bu məsələyə hazırlaşır. O vaxtlar SSRİ-nin də dağılmasını dünya sözdə istəmirdi, ancaq əməldə hamı bu parçalanmanı dəstəklədi. İran da bu durumdadır”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO