“Son vaxtlar İran mediasında bəzi siyasətçilərin, ictimaiyyət və dövlət təmsilçilərinin Azərbaycana qarşı qərəzli mövqeləri və çıxışları Azərbaycan ictimaiyyətində kəskin etiraza səbəb olmaqla çox məyusedicidir. Çünki İran Azərbaycanla təkcə yaxın qonşu deyil, eyni zamanda ortaq tarixi və mədəniyyəti paylaşırıq. Orada bizim otuz milyondan çox soydaşlarımız var. Azərbaycan hər zaman İrana qarşı ən səmimi qonşuluq və dostluq münasibətini sərgiləyib. Çox təəssüf ki, vaxtaşırı olaraq yaxın qonşu və dost ölkədən adekvat olmayan belə münasibət heç gözlənilməyəndir”.
Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirdi.
MÖVZU İLƏ BAĞLI:
İranın Mühafizə Korpusu Azərbaycanı təhdid etdi - FOTO
Deputat əlavə edib ki, görünür İranda Azərbaycanla yaxın qonşu və dost münasibətləri istəməyən qüvvələr var:
“Bu da təbiidir. Biz çox vaxt erməni diasporunun və lobbisinin gücünü ABŞ, Fransa və Rusiyada axtarırıq. Hesab edirəm ki, ən güclü erməni fitnəsini, erməni diasporunun gücünü və lobbisini elə İranda axtarmaq lazımdır. Tarixən İranda çox güclü imkanlara və mövqelərə malik olan erməni və ermənipərəst qüvvələr o qədər olub ki, onlar bu ölkənin siyasətinə təsir edə biliblər.
Baxın İranda on milyonlarla Azərbaycan türkü olduğu halda orada onların məktəbi yoxdur.
Lakin mətbuatdan bildiyim qədər İranda yaşayan təxminən beş yüz minə yaxın erməninin məktəbi, universiteti, erməni dilində radio və televiziyaları var. Hesab edirəm ki, erməni və ermənipərəst qüvvələrin fitnəsi, hiyləsinə uyan bu siyasətçi və ictimaiyyətçilər anti-Azərbaycan təbliğatı aparmaqla öz dövlətlərinə qarşı olacaqlar. Azərbaycan öz gücünü və qüdrətini keçən il 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə dünyaya nümayiş etdirdi.
Bu Zəfər təkcə təcavüzkar Ermənistan üzərində deyildi, bu qələbə həm də erməni faşizmini dəstəkləyən qüvvələr üzərində olan qalibiyyətdir.
Anti-Azərbaycan təbliğatı aparan qüvvələr bilməlidir ki, Azərbaycan xalqının yenilməz və məğlubedilməz Lideri və Müzəffər Ali Baş Kamandanı var ki, hər zaman qonşu və qonşu olmayan dövlətlərə dost əli uzadaraq humanizm göstərmişdir”.
Bizim.Media