Azərbaycan Xəzər dənizində Türkiyə ilə birgə hərbi təlimlər keçirdiyinə görə Tehrandan Bakıya müxtəlif səpkili etirazlar səslənməyə başladı. Ardınca İran Araz çayının sahilində, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirtdi. İslam Respublikası bu yolla nə etmək istəyir? Yoxsa hədə-qorxu üsuludur?
“Hamı başa düşməlidir ki, Azərbaycan-Türkiyə tandemi yumşaq desək, qorxu üçün obyekt deyil. Mən heç də hesab eləmirəm ki, bu cür əməllərlə kimisə qorxutmaq olar. Söhbət ayrı şeydən gedir” deyən eks xarici işlər naziri Tofiq Zülfüqarov İranda yeni insanların hakimiyyətə gəldiyini və həmişə olduğu kimi, hökumətdə iki tendensiyanın mövcud olduğunu bildirdi.
Bizim.Media ilə özəl müsahibə zamanı politoloq İrandakı siyasi istiqamətlərdən birini Azərbaycanla əməkdaşlığa üstünlük verən qüvvələr adlandırdı.
MÖVZU İLƏ BAĞLI:
İran Azərbaycan sərhədinə qoşun yeritdi – VİDEO
Yəni, belə insanlar İranda çoxdur:
“Amma bizə qarşı hansısa cəfəng mövqelərdə duran, Azərbaycanın dövlətçiliyini düşmənçiliklə qəbul edən müxtəlif streotiplərə məruz qalmış dairələr də mövcuddur. Hesab edirəm ki, bu cür nümayişkaranə formada atılan addımlar bu dairələrin siyasətinin göstəricisidir. Amma hakimiyyətə gələn təzə insanlar qısa müddətdə başa düşəcəklər ki, İran və Azərbaycana əməkdaşlılq əsasında qurulmuş əlaqələr xeyir verə bilər”.
Amma Azərbaycanın Gorus-Qafan yolundakı postu da Tehranın sanki elə də ürəyincə olmadı. Çünki Qarabağa istiqamətlənən İran TIR-ları növbədə qalır. Bununla bağlı nə düşünürsünüz?
“Birincisi, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa əgər hansısa malları aparmaq istəyirlərsə, biz onlara şərait yarada bilərik. Daha asan yollar var ki, onların vasitəsilə Azərbaycanın o bölgəsinə müəyyən yükləri aparmağa biz razılıq verərik. Onsuz da Azərbaycan hazırda bu və ya digər şəkildə qazı da, işığı da verir. O bölgələr Azərbaycanın bir hissəsidir. Orada inteqrasiya prosesləri hələ davam edir, ancaq o demək deyil ki, biz orada kimlərinsə benzinsiz qalmasını istəyirik. Əgər belə bir istəkləri varsa, Azərbaycan ərazisindən keçirtsinlər. Məncə, burada heç bir problem çıxmaz. Azərbaycanın bəzi malları Füzulidən keçə bilirsə, orada yaxşı yollar var. Qırmızı Bazar deyilən istiqamətdən istənilən malları aparmaq olar. Yəni qanunlarımıza uyğun ticarət fəaliyyətlərinə Azərbaycan heç vaxt maneələr törədən deyil”.
İran da bu qanunlara riayət etməli deyilmi?
“Gəlin ümumiləşdirməyək, İranda bir neçə vətəndaş var, hansı ki, qanunları pozublar. Onlara qarşı cərimə var. Bəlkə də bu, müvəqqəti haldır. Bilirsiniz, belə işlərlə məşğul olmağa öyrəşiblər. İndi isə vəziyyət dəyişib və Azərbaycanın qanunları bərqərar olub. Azərbaycan da vaxtı ilə İran ərazisindən istifadə edib. Bu baxımdan, normal şeydir. Sadəcə, bütün bunlar İrandakı bəzi dairələrin düşünülməmiş siyasətinin göstəricisidir. Əgər oturub yaxşı fikirləşsələr, başa düşərlər ki, bu yolla heç nəyə nail ola bilməzlər”.
Yəni, yaxşıca düşünsələr belə səhvlərə yol verməzlər?
“Əlbəttə...”
Onda yəqin ki, İran gələcəkdə rəsmi sənədlərində “Stepanakert” yox, Xankəndi yazar?
“Bəli, bilirsiniz, İranın xarici vəziyyəti o qədər də yaxşı deyil. Bu hamıya bəllidir. Təzə bir düşmənçilik yaratmaq İranın xeyirinə deyil. Əgər Azərbaycan İranla konforntasiya (qarşıdurma) yolu seçsə, dünyanın yarısı Azərbaycanın yanında olacaq. Amma biz heç vaxt buna imkan verməmişik, indi də vermirik. Ona görə də bunu düşünən insanlar ilk növbədə İranın maraqlarına görə böyük səhvə yol veriblər”.
Anar Rəhimov, Bizim.Media