İran TIR-larının Ermənistana yanacaq daşıması məsələsi yenidən aktuallaşıb. Xüsusilə TIR sürücülərinin güneyli qardaşlarımız olması Azərbaycan ictimaiyyətində rezonans doğurub və birmənalı qarşılanmayıb.
Hansı ki, 44 günlük Qarabağ savaşında həmin qardaş və bacılarımız sevincdən göz yaşlarına qərq olurdu. Üstəlik İran tərəfindən Ermənistana daşınan hərbi texnikaların qarşısını alırdılar. İndi isə Azərbaycanın suveren ərazisindən tranzit kimi istifadə edərək, həmvətənlilərinə xəyanət sərgiləyirlər.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan siyasi şərhçi Qabil Hüseynli məlum hadisəni fars və molla rejiminin siyasəti kimi dəyərləndirib:
MÖVZU İLƏ BAĞLI:
Ermənistan niyə himayə olunur? – Rusiyalı politoloqdan SƏBƏBLƏR
“Onlar sadəcə sürücüdür. Əmr və tapşırıqları yerinə yetirirlər. Sürücünün şuuru millətçi kimi davrana bilməz. O, anlayır ki, TIR maşınlarını sürməsə, çörəkdən olacaq. Əgər biz o sürücülərdən inqilabi şuur, zehni tələbatı başa düşmək və ona uyğun hərəkət etməyi gözləyiriksə, bu mümkün deyil”.
Politoloq əlavə edib ki, müharibə dövründə o TIR-ları yandıran fədailər və ilk şuura sahiblənmiş vətənpərvərlər idi:
“Sürücülərdən də dediyimiz o şuuru gözləsək, o zaman İranda hər şey başqa cür olardı. Adi sürücü anlasaydı ki, onun daşıdığı mallar Şimaldakı qardaşlarının təhlükəsizliyinə qarşı çevrilib, onda İrandakı azərbaycanlıların şuuru inqilabi səviyyəyə yüksəlmiş olardı. O zaman indiki rejim də olmazdı və tamamilə fərqli hadisələr cərəyan edərdi. Bu baxımdan TIR sürücülərini ittiham edəcək mövqedə deyiləm”, - deyə Qabil Hüseynli qeyd edib.
Alçina Amilqızı, Bizim.Media