Fransa senatının qondarma Qarabağ Respublikasının tanınması haqqında qəbul etdiyi qətnamə Fransada yaşayan azərbaycanlılar arasında da narazılıq yaradıb. Onlar son olaraq Fransa hökumətin məsələyə göstərdiyi konstruktiv mövqeni qiymətləndirməklə bərabər, bu cür halları beynəlxalq sferada höküm sürən ikili standart kimi dəyərləndiriblər.
Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Bizim.Media-ya müsahibəsində demokratik cəmiyyətlər adı altında yürüdülən bu siyasəti əslində sağlam düşüncələrə qarşı fitnə adlandırıb:
- Bu siyasət 500 mindən çox erməni mənşəli fransızın yaşadığı bir ölkədə, onların təsir gücü nəticəsində ərsəyə gəlir və bu sonunda iki ölkə arasındakı münasibətlərin korlanmasına gətirib çıxara bilər. Bu sağlam düşüncələrə, demokratik təzahürlərə qarşı fitnədir. Həm də Fransa cəmiyyətində ikili standartların olduğundan xəbər verir. Belə bir addım Fransada yaşayan azərbaycanlıları bu ölkənin vətəndaşı olaraq, çox utandırır. Çünki bu addımla onlar qərəzli və haqsız mövqelərini nümayiş etdirdilər.
- Sizcə, bu təkliflərin qəbul edilməsində Türkiyənin Azərbaycana dəstək nümayiş etdirməsi ilə əlaqəsi varmı?
- Bəli, Türkiyənin bu münaqişədə Azərbaycanın yanında olması Fransanı ciddi şəkildə narahat edir. Bildiyimiz kimi son dövrlərdə Fransa ilə Türkiyə arasındakı münasibətlər çox gərgindir. Siyasi simaların Azərbaycana qarşı olan təklifləri dəstəkləməsi də bu problemlərdən qaynaqlanır.
- Bu fikirlərə etiraz edənlər hansı problemlərlə üzləşir?
- Bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istəyən hər bir fransız sistemli şəkildə təziqlərə məruz qalır. Bu məsələdə istər siyasətçilər, istər jurnalistlər, istərsə də adi vətəndaşlar erməni mənşəli fransızlar tərəfindən hədəfə alınır. Əlbəttdə ki, bunun söz və fikir azadlığı olan demokratik ölkədə baş verməsi qəbuledilməzdir.
- Etiraz olaraq, Fransada yaşayan azərbaycanlılar hansı addımları atmaq fikrindədir?
- Sözsüz ki, biz təziqlərə baxmayaraq, haqq sözümüzü deməkdən çəkinmirik. Bu kimi atılan addımlara qarşı öz mövqemizi açıq şəkildə bildiririk. Təəssüf ki, pandemiyayla əlaqədər heç bir nümayişin təşkil edilməsi mümkün deyil. Biz öz etirazımızı yalnız sosial şəbəkələrdə və sözügedən ictimai xadimlərə email və poçt vasitəsilə bildiririk. Bu təşəbbüsdə burada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları aktiv şəkildə iştirak edir.
- Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımadı. Bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat da yaydı.
- Bəli, dünən Fransa Xarici İşlər Nazirliyi bir daha qondarma Qarabağ respublikasını tanımadığını bəyan etdi. Bu bəyanatla Fransa ATƏT-in Minsk qrupuna sadiq qaldığını və bu münaqişənin yenidən sülh yolu ilə həllinə bir tərəfli münasibət saxlayacağını təsdiq etdi.
Amma bu çox presedent oldu, bunun ardınca başqa ölkələrdə ermənilərin cəhdi olacağı fikrindəyəm. Fransa pis nümunə oldu, son iki ayda baş verənlər Azərbaycan-Fransa münasibətlərində çat yaratmış kimi görünür.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:40 / 27.11.2020
Mirvari Fətəliyeva: Türkiyənin Azərbaycanın yanında olması Fransanı ciddi narahat edir
Hazırda oxunan: Mirvari Fətəliyeva: Türkiyənin Azərbaycanın yanında olması Fransanı ciddi narahat edir
Hazırda oxunan: Mirvari Fətəliyeva: Türkiyənin Azərbaycanın yanında olması Fransanı ciddi narahat edir
3664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.