“Qardaş ordu briqadasının yaradılmasına start verilib. Azərbaycanın xüsusi təyinatlı qoşunları ilə Türkiyənin xüsusi təyinatlıları birgə hazırlıq keçir. Əvvəllər (44 günlük savaşa qədər) bu təlimlər Azərbaycanın mərkəzi rayonlarında həyata keçirilirdi, indi isə xüsusi təyinatlıların birgə təlimləri Laçında baş tutub”.
Bizim.Media ilə özəl dialoq zamanı bunları deyən politoloq Qabil Hüseynli bildirdi ki, bütün sadalanan birgə hərbi layihələrdə Şuşa bəyannaməsinin rolu böyükdür. Çünki bəyannamədə birgə ordunun da yaradılması zərurəti qeyd olunub.
İndiki təlimlərin Laçın rayonu ərazisində keçirilməsi isə...
MÖVZU İLƏ BAĞLI:
Laçında Azərbaycan-Türkiyə birgə təlimi başladı - FOTO
“O deməkdir ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə Türkiyə ilə birlikdə qardaş ordu briqadalarının yaradılması istiqamətində addımlar atmağa başlayır. Laçındakı təlim sözügedən briqadanın yaradılmasında atılan ciddi addımlardan biridir.
Üstəlik, bölgədə Azərbaycan və Türkiyənin hərbi qüvvələrini birləşdirəcək digər tədbirlər keçirilir. Hələki həmin tədbirlərin infrastruktur layihələri işlənib reallaşdırılır.
Müəyyən müddətdən sonra Laçında təlim keçən qüvvələrin daha genişləndirilmiş hissələrinin Ağdamla Füzuli arasında həm təliminə, həm də orada şəhərciklərin salınmasının şahidi olacağıq”.
Azərbaycanın Qarabağda Türkiyə ilə birgə hərbi təlimlər keçirməsinin siyasi yükü nə qədərdir?
“Siyasi yükü ondan ibarətdir ki, Türkiyə-Azərbaycan iş birliyi bölgədəki siyasi proseslərə ciddi təkan verəcək. Yəni, Azərbaycan hazırda Rusiya sülhməramlılarının müəyyən qeyri-qanuni hərəkətləri ilə, Ermənistan tərəfinin sülh yaratma prosesinə müxtəlif şərtlərlə qoşula biləcəyi haqqında verdiyi bəyanatlara üzləşir.
Həm Moskva, həm də İrəvana psixoloji və siyasi təsirlərin göstərilməsi isə vacib bir məsələ kimi gündəmdə dayanır. Artıq bünövrəsi qoyulmuş Azərbaycan-Türkiyə ordularının birləşdirilməsi istiqamətindəki addımlar regionda sülh yaradılmasında, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində qarşı tərəflərə - Rusiya və Ermənistana ciddi mesajlardır”.
Politoloq vurğuladı ki, Rusiya Ermənistana hər cür dəstək göstərir, onları müasir silahlarla təmin edir. Belə olan halda isə Bakı ilə Ankara arasında Qardaş Ordu Briqadalarının yaradılması qarşı tərəfin insanlara psixoloji təzyiq göstərməyə yönəlmiş hərəkətlərinə bir balans verəcək:
“Yəni, qarşı tərəf görəcək ki, Azərbaycan ordusunun özü güclənməklə yanaşı, həm də Türkiyə ordusu ilə ortaq təlim və hərbi strukturlar yaratması bölgədəki tarazlığın pozulmasına imkan verməyəcək”.
Anar Rəhimov, Bizim.Media