Əli Məsimli İsmət Abbasova  qızıldan qiymətli məsləhətlər verdi

Əli Məsimli İsmət Abbasova qızıldan qiymətli məsləhətlər verdi

Hazırda oxunan: Əli Məsimli İsmət Abbasova qızıldan qiymətli məsləhətlər verdi

35847

Rusiya ilə münasibətlər soyuyan kimi qeyri-neft sektorumuzun inkişafı barədə statistika nağılları iflasa uğradı. Quba-Xaçmazda almaya, digər rayonlarda nar, heyva və xurmaya möhtac 10 minlərlə fermer zor günlər yaşayır. Cənub bölgəsindən gələn xəbərlər də “qara xəbər” statusludur. Belə ki, camaatın sitrus meyvələrini yığmaqdan imtina etdiyi, hamının əlinin-qolunun soyuduğu deyilir. Çünki yerdəki satış qiymətləri heç yığmaq pulunu ödəmir. Üstəlik, insanlar soyuducu anbarlardakı qiymətlərin od tutub yandığından gileylənir, çarəni dədə-baba qaydası ilə məhsulu samanlıqda saxlamaqda görür. Bəs bu boyda pullar hara getdi? Soyuducu anbarlar niyə inhisarçıların əlində? Niyə 50 milyard dollar xarici banklarda mürgü vurduğu halda hər regionda bir konserv müəssisəsi tikilmədi? Niyə “Azərsun”un 700 qramlıq xiyar turşusu bankası ölkə marketlərində astronomik qiymətə-1manat 50 qəpiyə satıldığı halda fermerlər 1 kq xiyarı 10 qəpyə sata bilmir?

Moderator.az ölkə vətəndaşını narahat edən bu suallarla Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, iqtisadçı alim Əli Məsimliyə müraciət edib. Onun fikirlərini təqdim edirik:

 “Sizin qaldırdığınız suallar çox vacib məqamları əks etdirir, aqraq sahənin problemlərinin bir hissəsidir və hələ sovet dönəmindən aktual suallardır....Belə ki, hələ Sovet dönəmində, yəni kolxoz- sovxoz vaxtında kənd təsərrüfatı ilə məşğul olanların məhsul istehsalının artırılmasına maddi marağı düzgün qurulmamışdı: ət kolxozçuya 4,8 rubla başa gəlirdi, amma sovet hökuməti kolxozdan onu qəpik-quruşa alıb, sonra da 2 manata satırdı, kərə yağı- 8 manata əmələ gəlirdi, amma kolxozdan südü su qymətinə alırdılar və kərə yağı da 3 manat 60 qəpiyə satılırdı. Nəticədə artıq istehsal edilən hər kiloqram ət və hər litr süd və sair kənd təsərrüfatı məhsulu kolxoza və deməli, həm də kəndliyə əlavə ziyan gətirdiyindən istehsalı artırmağa stimul aradan qalxdı, kəndli kənd mağazasının nisyə dəftərinə və Sovetlər Birliyi isə defisitin sinoniminə çevrilib talona oturdu...Elə şərait yarandı ki, əti yetişdirən yox, onu satan qazandı...

İndi isə başqa variantdan istifadə olunur: “qiymət qayçısı” tətbiq edilir ki, nəticədə kəndli bir sıra hallarda yetişdirdiyi məhsuldan çüzi qazanc götürür.Məsələn, pambıqçılıqda tətbiq edilən həmin “qiymət qayçısı” üsulu bu sahənin yenidən sürətlə inkişafına imkan vermir. Ötən il Qubada almanı sata bilməyib, çaya tökənlər barədə məlumat gəlirdi və sair...Digər məhsulların da normal, kəndli üçün sərfəli qiymətə satılması problemli məsələlərdən biridir. Müqayisə üçün deyək ki, məsələn, ABŞ-da fermerlə onun məhsulunu almaq barədə müqavilə elə bağlanır ki, məhsul hazır olan dövrdə bazarda qiymət müqavilədəki kimi yox, məsələn, 1 dollardan aşağı, yəni 80 sentdirsə, fermerin pulu müqavilədəki kimi- 1 dollardan ödənilir, yox əgər bazarda qiymət müqavilədəkindən yüksək-1 dollar 20 sentdirsə, fermeri dəstəkləmək məqsədilə onun haqqı elə həmin 1,2 dollardan da ödənilir. Doğrudur, Azərbaycanda fermer təsərrüfatları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad olunublar. Gələn il büdcədən kənd təsərrüfatına 560 milyon manatdan artıq pul ayrılacaq, taxıl məhsulları əkənə 80 manat subsidiya verilir, gübrə yarıbayarı güzəştlə satılır (amma bəzən burda da manipulyasıyalar olur), hər həftəsonu kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir və sair. Sadalanan bu tədbirlər gözəgörünəndir və fermelərə dəstək xarakteri daşıyır. Amma nədənsə, görünür lazımı səviyyədə səmərəli təşkil edilmədiyindən, ayrılan vəsaitin heç də hamısı öz təyinatı üzrə effektli istifadə olunmadığından, bunlar ölkədə kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün və fermerin ayaq üstə qalması üçün yetərli olmur...

Azərbaycan dünyada mövcud olan 11 iqlim qurşağının 9-na malik unikal bir diyardır və burada kənd təsərrüfatını və onunla bağlı yüngül və yeyinti sənayesini yüksək səviyyədə inkişaf etdirmək olar. Ona görə də fikrimizcə, sadalanan həmin problemləri epizodik xarakterli tədbirlərin köməyi ilə yox, aqrar sahədə dərinləşmiş islahatların ikinci mərhələsinə başlamaqla köklü surətdə həll etmək lazımdır. Bu məqsədlə aqrar sahənin 2020-ci ilə qədərkı dövr üçün xüsusi inkişaf proqramı hazırlanıb həyata keçirilsə, yaxşı olar.Burada aqrar sahədə görülməsi zəruri işlər, onun təşkilati, aqro-zootexnki tədbirləri, innovativ tədbirlər, hüquqi-maliyyə təminatı və etibarlı, işlək nəzarət mexanizmi hazırlanıb tətbiq edilməlidir. Elə şərait yaradılmalıdır ki, kəndli istədiyini istehsal edə və onu istədiyi yerdə bazar qiymətinə sata bilsin. Aqrar sahəni təbii fəlakətlərdən dəyən zərəri kompensasiya mexanizmi yaradılmalı və sığorta haqqında qanunvericilikdə kənd təsərrüfatına dəyən ziyanın tam ödənilməsinə dair bənd salınmalıdır. Azərbaycanda turizm sürətlə inkişaf edir. Bu sahəni ekoloji təmiz məhsulla təmin etməkdən ötrü əlavə stimullar yaradılmalıdır. Bu istiqamət həm fermerlər üçün əlavə gəlir mənbəyi və həm də Ümumdünya Ticarət Təşkilatının kənd təsərrüfatına yönəlik subsidiyaların azaldılması tələbinə münasibətdə optimal həll yolu kimi, ekoloji təmiz məhsul istehsalına istənilən qədər subsidiya yönəltmək imkanlarından geniş istifadə üçün şərait yaradar. Yerlərdə kənd təsərrüfatı məhsullarını saxlamaqdan ötrü soyuducu qurğuların tikilməsi, həm də orada qiymətlərin də fermerlər üçün əlçatanlığı ilə tamamlanmalıdır ki, kəndli ondan istifadə edə bilsin. Subsidiyalar artırılmalı və onun öz təyinatına görə istifadəsinin yoxlanılmasının səmərəli mexanizm yaradılmalıdır. Kolxoz-sovxoz sisteminin yenidən yamsılanması formasında yox, Almaniya, Hollandiya, İsrail və sair ölkələrdə uğurla işləyən kənd təsərrüfatı kooperasiyası modelini yaradıcılıqla Azərbaycana tətbiq eləmək çox faydalı olar: aqrar sahədə əmək məhsuldarlığı artar, məhsul itkisi azalar(soyuducu anbarlar da kooperasiyanın tərkibində fəaliyyət göstərər), fermerin gəlirləri çoxalar və sair...

Neft Fondundakı pullardan bir ”“iki milyard manatını şəffaf və güclü nəzarət mexanizmi yaratmaq şərtilə AQROBANK yaradıb əlverişli şərtlərlə kəndlilərə vermək lazımdır.Kənd təsərrüfatı məhsulalrının emalı ilə məşğul olan istehsal sahələri şəbəkəsinin coğrafiyası genişləndirilməlidir. Yerlərdə həmin təyinatda olan və nədənsə işləməyən(məsələn, Şəkidə) müəssisələr işə salınmalı, əlavə tələb olunan yerlərdə isə yeniləri tikilməlidir.Əgər belə bir mexanizm yaradıb, aqrar sahəyə ildə 500 milyon manat, üstəgəl torpaqların təmizlənməsi, suvarma sistemi,ekioloji tədbirlərə isə 250 milyon manat yönəldilsə, 2020-ci ilədək qalan 7 il ərzində öz təyinatına görə səmərəli istifadə emək şərtilə 5-6 milyard manat təmiz sərmayə qoyub, həm Azərbaycanın ərzaq təhlükəsiziliyini etibarlı şəkildə təmin edən, həm də xaricə yetərincə kənd təsərrüfatı və onun emalından yaranan geniş assortimentli məhsullar çıxarmağa qadir super aqrar-sənaye kompleksinin yaradılasının əsasını qoymaq olar. Bununla da Azərbaycanda kəndin qalxınmasının yeni mərhələsi başlanar, kənddə qazanmaq imkanı genişləndirilsə, kəndlərdən şəhərə və xarici ölkələrə axın səngiyər, bir sıra hallarda isə əks proses başlayar.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO