İqtidar ABŞ və ATƏT-in 9 oktyabr rəyinə od püskürdü

İqtidar ABŞ və ATƏT-in 9 oktyabr rəyinə od püskürdü

Hazırda oxunan: İqtidar ABŞ və ATƏT-in 9 oktyabr rəyinə od püskürdü

35155

Prezident Administrasiyası və XİN-dən sərt reaksiyalar gəldi; İsa Qəmbər: “Azərbaycan hakimiyyəti təcili addımlar atmaq barədə düşünməlidir”

9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkilərinə beynəlxalq ictimaiyyətin ikili münasibətinin şahidi olmaqdayıq. Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin müşahidəçiləri də MDB-nin müşahidə qrupunun rəyinə bənzər mövqe ortaya qoyaraq seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyası isə seçkilərlə bağlı sərt tənqidi notlar üzərində qurulmuş ilkin hesabatını açıqlayıb.

Qurumun uzunmüddətli müşahidə missiyasının rəhbəri Tana de Zulueta “Seçki komissiyalarının 58 faizində səslərin hesablanması pis və yaxud da çox pis həyata keçirilib” deyə, seçkilərə mənfi qiyməti açıqlasa da, qısamüddətli missiyanın rəhbəri Mişel Vuazan bundan bir neçə saat sonra əks mövqe sərgilədi.
Maraqlısı odur ki, əks mövqe ATƏT-in adıçəkilən müşahidəçilərinin ilkin hesabatı açıqladığı tədbirdə iqtidar təmsilçisi olan media mənsublarının müdaxiləsi nəticəsində pozulan tədbirdən sonraya təsadüf etdi. Bu mənada ortada hədə-qorxu və ya rüşvət faktorunun rol oynadığı iddiaları var.
Bu arada ABŞ Dövlət Departamenti də “Azərbaycandakı seçkilər beynəlxalq standartlara cavab verməyib” mövqeyindən çıxış edib. “ABŞ hökuməti hesab edir ki, Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara cavab verməyib”. “Reuters”in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf deyib. O bildirib ki, qutulara kütləvi bülleten atılması və səslərin sayılmasında səhlənkarlıq halları olub. “Birləşmiş Ştatlar hər zaman Azərbaycan hökumətini azad və ədalətli seçki prosesini təmin etməyə, toplaşma və ifadə azadlığına hörmətlə yanaşmağa çağırıb. Təəssüflə bu nəticəyə gəldik ki, seçkilər beynəlxalq standartlara cavab verməyib” deyə, Harf bildirib. M.Harf onu da əlavə edib ki, ABŞ səsvermədə nöqsanlar aşkarlayan ATƏT və digər təşkilatları rəyi ilə razıdır. “Seçki günündən əvvəl Azərbaycan hökuməti siyasi repressiyalar atmosferi yaranıb. Hakimiyyət mətbuata və vətəndaş cəmiyyətinə mane olub, seçki kampaniyası zamanı mitinq və nümayişlərin dağıdılması zamanı zorakılıqdan istifadə edib, bir sıra müxalif və gənc fəallar həbs edilib” deyə, Dövlət Departamentinin nümayəndəsi bəyan edib. “Amerikanın səsi”nin müxbiri bu bəyanatın ABŞ-Azərbaycan əlaqələrinin gələcəyinə hər hansı təsirinin olub-olmayacağını soruşub. Sözçü vəziyyəti dəyərləndirəcəklərini deyib: “Biz vəziyyəti dəyərləndirməyə davam edəcəyik və siyasətimizi nəzərdən keçirərək bundan sonra necə addım atacağımıza baxacağıq”.
Azərbaycan hakimiyyətindən ABŞ və ATƏT-dən gələn tənqidi mövqelərə sərt reaksiya verilib. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “ATƏT-in mövqeyi ölkəmizə gəlmiş çoxsaylı müşahidə missiyalarının, o cümlədən Avropa, Amerika və Asiya ölkələrini təmsil edən müxtəlif beynəlxalq qurumların, 1000-dək müşahidəçinin mövqeyi ilə daban-dabana ziddir” deyə, bildirib. Ə.Həsənov ABŞ-ın seçki rəyinə də sərt reaksiya verib. “Trend”ə müsahibəsində dövlət rəsmisi “belə mübahisəli və obyektivliyi şübhə doğuran hesabata əsaslanaraq qərəzli bəyanatlar vermək heç kimə, o cümlədən ATƏT-i təmsil edən rəsmi şəxsə və ABŞ Dövlət Departamentinə başucalığı gətirmir. Ermənistanda prezident seçkilərinin tam saxtalaşdırılmasına göz yumaraq müsbət qiymət verən ABŞ hökumətinin Azərbaycanda dinc və şəffaf şəraitdə keçən demokratik seçkilərə qeyri-obyektiv münasibəti ikili standartların bariz nümunəsindən başqa bir şey deyildir” söyləyib.
Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov isə rəsmi Vaşinqtonun mövqeyinə münasibət bildirərkən “Dövlət Departamentinin ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı bu cür qeyri-obyektiv, qərəzli bəyanatı heç bir reallığa əsaslanmayan sənəddir” deyib. APA-ya açıqlamasında A.Qasımov bildirib ki, bu bəyanat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hazırladığı hesabata əsaslanır: “Əvvəla, qeyd etmək istəyirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu məşvərətçi qurumdur. Onun qərarları və hesabatları yalnız tövsiyə xarakteri daşıyır. ABŞ Dövlət Departamentinin belə bir qurumun hesabatına əsaslanan fikirlər söyləməsi başa düşülən deyil”. A.Qasımov ABŞ-ın özünün seçki prosedurlarına tənqidi yanaşıb: “ABŞ seçki sistemində yeni praktikaya əsasən əvvəlcədən seçici siyahısına daxil olmayan şəxslərə "müvəqqəti" bülletenlərin verilməsi də problemlər doğurur. ABŞ-ın bir sıra ştatlarında beynəlxalq müşahidəçilər seçki məntəqələrinə gələrsə cinayət təqibinə məruz qala bilər" deyə, bildirib.
“Bu yanaşma ABŞ-ın Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur və Azərbaycan vətəndaşlarına münasibətdə hörmətsizlik kimi qiymətləndirilir”. Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar verdiyi bəyanata münasibətində belə deyilir. APA-nın məlumatına görə, nazirlik öz dərin təəssüfünü ifadə edərək bu bəyanatı qəbuledilməz hesab edib.
Beynəlxalq aləmin, demokratiya paytaxtlarının seçki ilə bağlı ilkin rəyləri Azərbaycan müxalifətini qane edirmi? Qərbin mövqeyi Azərbaycana nə verəcək? Müxalifət beynəlxalq qurumların, xüsusilə də ATƏT müşahidəçilərin rəylərində əksini tapan kəskin fikir ayrılıqlarının səbəbini nə ilə izah edir?
Müsavat Partiyasının başqanı İsa Qəmbər öncə qeyd etdi ki, seçkiləri müşahidə etmək və seçkilərə münasibət bildirmək istiqamətində həlledici instansiya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur: “Varşavada yerləşdiyi üçün bəzən buna Varşava Bürosu da deyilir. Həmin büro uzunmüddətli müşahidə missiyası təşkil edir və seçki günlərində də seçkinin gedişinə müşahidəni davam etdirir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə kifayət qədər obyektiv qiymət verib. Bu qiymət əslinə qalsa, professor Cəmil Həsənlinin seçki qərargahının 10 oktyabr saat 11-də açıqladığı ilkin rəylə üst-üstə düşür. Həmin ilkin rəydə Cəmil Həsənlinin seçki qərargahı seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığı barədə faktlar, arqumentlər sadalamışdı və yekunda seçkilərin azad və ədalətli, demokratik olmadığı üçün bu seçkilərin nəticələrinin ləğv olunması və yenidən prezident seçkilərinin keçirilməsi tələbi ilə çıxış etmişdi. İndi də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki ilə bağlı prinsipial qiyməti və seçki məntəqələrinin 58 faizində səslərin sayılmasının pis, yaxud çox pis həyata keçirilməsini bəyan etməsi faktiki olaraq bizim verdiyimiz qiymətin təsdiqidir. Bu, o deməkdir ki, bizim seçkilərə verdiyimiz qiymət müxtəlif rəylərdən biri deyil, elə seçkilər haqqında gerçəklikdir və ATƏT-in də Bürosu bunu təsdiq edib. Digər beynəlxalq təşkilatların rəyləri hakimiyyətlə münasibətləri yumşaltmaq istiqamətində rəylər kimi qiymətləndirilə bilər. Avropa Şurasının Parlament Assambleyası ümumiyyətlə, çoxdan özünü diskreditasiya edib və təəssüf ki, bu struktur seçkilərə obyektiv qiymət vermək əvəzinə müvafiq avtoritar rejimlərlə münasibətləri kollektiv və fərdi qaydada yaxşılaşdırmaq xəttinə üstünlük verir. ATƏT-in Bürosunun bildirdiyi mövqe isə çox ciddi mövqedir və təsadüfi deyil ki, ABŞ Dövlət Departamenti də, ABŞ Konqresinin Helsinki Komissiyası da, Avropa İttifaqının rəhbərləri Ketrin Eşton və Ştefan Füle də Azərbaycandakı seçkilərə münasibət bildirərkən məhz ATƏT-in Bürosunun ilkin rəyinə əsaslanıblar. Bu, həmin rəyin nə qədər önəmli olduğunu bir daha təsdiq edir. Hesab edirəm ki, bu rəy Azərbaycan hakimiyyətinə də, ictimaiyyətinə də, beynəlxalq ictimaiyyətə də çox ciddi mesaj verir. Azərbaycan hakimiyyəti bu rəydən nəticə çıxararaq vəziyyəti dəyişmək istiqamətində təcili addımlar atmaq barədə düşünməlidir. Beynəlxalq təşkilatlar bu rəyi nəzərə alaraq Azərbaycandakı seçkilərə münasibətin müəyyənləşməsində, Azərbaycanın indiki hakimiyyəti ilə münasibətlərin formalaşmasında bu rəyi əsas götürməlidirlər. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti də beynəlxalq birliyin bu seçkiləri faktiki olaraq standartlara cavab verməyən bir seçki kimi qiymətləndirmələrini nəzərə alaraq öz hüquqlarını qorumaq istiqamətində daha əzmlə fəaliyyətini, mübarizəsini davam etdirməlidir”.
Müsavat başqanı onu da qeyd etdi ki, beynəlxalq təşkilatların Azərbaycandakı və ümumiyyətlə hər hansı bir ölkədəki seçkiləri tanıyıb-tanımamaq kimi bir funksiyaları yoxdur: “Onlar seçkini müşahidə edib seçkiyə münasibət bildirirlər. ATƏT-in Bürosunun ilkin rəyində də seçkilərin beynəlxalq standartlara cavab vermədiyi və məntəqələrin 58 faizində səslərin sayılmasının pis və yaxud çox pis keçirildiyi bildirilib. Bu, o deməkdir ki, seçkilər normal bir seçki kimi qiymətləndirilə bilməz. Bu, çox aydın və birmənalı münasibətdir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO