Sürix protokollarının 4-cü ili: Davudoğludan Qarabağ şərti

Sürix protokollarının 4-cü ili: Davudoğludan Qarabağ şərti

Hazırda oxunan: Sürix protokollarının 4-cü ili: Davudoğludan Qarabağ şərti

35154

“Biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına önəm veririk”. Amma bu normallaşmanın uzunmüddətli olması üçün Ermənistanla Azərbaycan arasındakı Qarabağ probleminin həlli başda olmaqla, Cənubi Qafqazdakı problemlər həll olunmalı və Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır". APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçrəyə səfəri zamanı Ermənistanla imzalanan protokolların 4-cü ildönümü ilə bağlı jurnalistlərin sualına cavabında deyib.

Nazir bu məsələdə göstərdiyi səmimi səylərə görə İsveçrəyə təşəkkür edib: “Biz 4 il əvvəl burada protokolların uğurla həyata keçirilməsi üçün ciddi cəhdlər göstərdik. Ümid edirik ki, bu protokollar hələ gündəmdən düşməyib. Ancaq Ermənistan Konstitusiya Məhkəməsinin aldığı qərar, daha sonra bölgədə hərarətin yüksəlməsi səbəbiylə bu protokolları həyata keçirmək mümkün olmadı. İndi bəzi yaradıcı fikirlər və yeni düşüncələrlə irəli getməyə çalışırıq. Qarşıdakı dövrdə bu istiqamətdə səylərimizi gücləndirəcəyik. Türkiyə-Ermənistan əlaqələrinin normallaşması halında, təbii ki, Azərbaycan-Ermənistan münasibətlərinə paralel olaraq, qeyd edilən problemlərin çoxu həllini tapacaq”.
Qeyd edək ki, son aylar Qərb Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması istiqamətində cəhdləri yenidən artırıb. Türkiyə və Ermənistan arasında 10 oktyabr 2009-cu ildə Sürix protokolları da imzalansa da, bu sənədlər faktiki işləmədi. Bu işə böyük həvəslə qoşulan Ərdoğan hökuməti tezliklə başa düşdü ki, Qərbin bu oyunu onun regionda Azərbaycan kimi strateji tərəfdaşının maraqlarına ziddir və bu, rəsmi Ankaraya xeyir gətirmir. İkinci bir tərəfdən, rəsmi Ankara gördü ki, Ermənistan heç bir protokola və sazişə baxmayaraq, Türkiyəyə qarşı nifrət siyasətindən əl çəkən deyil.
Bu ilin avqustun 1-də Türkiyə sərhədində azərbaycanlı kökənli çobanın öldürülməsindən sonra da Türkiyə ilə İrəvan arasında münasibətlər son dərəcə kəskinləşmişdi. Türkiyə XİN kəskin bəyanat verərək Ermənistan hakimiyyətini regionda qeyri-sabitlik yaratmaqda suçlamışdı. Ə.Davudoğlunun son bəyanatında da münasibətlərin normallaşmamasında Ermənistanın günahkar olduğuna dair açıq mesajlar var.
Yeri gəlmişkən, ötən ayın sonun Türkiyə-Ermənistan əlaqələrinin Avropa Parlamentində müzakirəsi də nəticəsiz bitmişdi. Türkiyənin Avropa Birliyindəki nümayəndəsi deyib ki, münasibətlərdə kəskin dönüş yaranması üçün Ermənistan Dağlıq Qarabağ məsələsində konkret addımlar atmalıdır: “Biz müəyyən güzəştlər görmək istəyirik. Biz Ermənistan tərəfindən indiyədək heç bir addım görməmişik, bu səbəbdən də biz siyasi vakuum şəraitində addım ata bilmərik. Lakin biz Dağlıq Qarabağın rayonlarından qoşunların çıxarılması və yaxud bir sıra ərazilərin geri qaytarılması kimi real addımları görsək - bu mütləq müsbət cavab addımların atılması ilə nəticələnəcək. Bu sirr deyil - biz bu barədə dəfələrlə bəyan etmişik. Biz Ermənistan tərəfindən, onların özləri üçün faydalı olacaq müsbət jest gözləyirik və bundan sonra bizim münasibətlərimiz də normallaşacaq”.
“Siz Azərbaycan hakimiyyəti Ermənistan-Türkiyə münasibətlərinə çox güclü təsir edir fikri ilə razısınızmı” sualına isə Türkiyənin Avropa Birliyindəki nümayəndəsinin cavabı belə olub: “Ola bilsin, biz iki ayrı dövlətik, lakin bir xalqıq. Biz Azərbaycana diqqət yetirməyə bilmərik. Bu ölkə bizə ən yaxın olan dövlətdir və biz ona diqqət yetirməliyik. Biz görürük ki, bu ölkəyə qarşı ədalətsizlik olub və bunun düzəlməsi üçün Ermənistan tərəfindən müvafiq addımların atılmasını gözləyirik. Məsələyə kimin kimə təsir etməsi prizmasından yox, ədalətlilik nöqteyi-nəzərindən baxmaq lazımdır” deyə, diplomat vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO