Xəbər verildiyi kimi Azərbaycan sülhməramlıları əfqanıstandan çıxarılıb. Belə ki, Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə ötən gecə ölkədən çıxarılıb. Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır. Maraqlıdır, Azərbaycan sülhməramlılarının bundan sonrakı xidmətləri nədən ibarət olacaq?
Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Bizim.Media-ya bunu açıqlamağı uyğun bilməyib.
Hərbi ekspert Şair Ramaldanov isə sülhməramlıların öz hərbi bölmələrinə qayıdacaqlarını və orada xidmət edəcəklərini qeyd edib:
“Bilirsiz ki, Azərbaycan sülhməramlı bölməsi var. Onlar da o taborun şəxsi heyətidir. Sadəcə sülhməramlı missiya ilə müvəqqəti olaraq tapşırıq yerinə yetirirlər. İndi öz hərbi hissələrinə qayıdacaqlar və orada xidmət edəcəklər”.
MÖVZU İLƏ BAĞLI:
SOS: Əfqanıstanda 16 min azərbaycanlının həyatı təhlükədədir: “Kömək istəyirlər”
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri tərkibində 1997-ci ildə yaranan Azərbaycanın Sülhməramlı ordusu sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşib.
1999-cu ilin sentyabr ayından başlayaraq Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.
Alçina Amilqızı, Bizim.Media