“Azərbaycanla düşmənçiliyin faydalı olduğunu İran rejiminə kim deyibsə, farsları aldadıb. İran illərdir etdiyi yanlışlıqları təkrar etməməlidir. Belə addımlar Azərbaycanda İrana qarşı sevgisi olan 3-5 adam varsa, onların belə mövqelərini zəiflədir, Tehrana münasibətlərini dəyişir”.
Ağ Partiyanın sədri Tural Abbaslı Bizim.Media-ya verdiyi açıqlama zamanı belə deyib.
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslı: "Xalq birazdan təzək yandıracaq, pul yoxdur" - VİDEO
Saytımızın “İrana verilən nota və cənub qonşumuzun Qarabağa qanunsuz yük daşıması barədə nə deyə bilərsiniz?” sualına partiya sədri bildirib ki, əminəm ki, Azərbaycan tərəfində kifayət qədər faktlar var ki, İran bu və ya digər formada Azərbaycan ərazisindəki separatçı rejimə dəstək verir.
Tural Abbaslı ehtimal edir ki, Azərbaycan notaya qədər müxtəlif kanallarla İrana bu tip yükdaşımaların qarşısının alınması ilə bağlı xəbərdarlıq edib:
“Tam yerində bir etirazdır. Çünki biz dəfələrlə qeyd eləmişik ki, İran bizim üçün dost dövlətdir. Ancaq İran nədənsə Azərbaycanı dost dövlət kimi görmək istəmir. Əslində İran rejimi, orada iqtidarda olanlar xalqın iradəsinin əleyhinə gedərək Azərbaycanla dost siyasətli düşmən siyasəti yürütməyə çalışır. Molla rejimində nədənsə belə bir yanaşma var ki, əgər Azərbaycan güclənsə, bu, İranın maraqlarına ziddir. Məncə İran atəşlə, alovla oynayır. Orada yaşayan 40 milyonluq Azərbaycan xalqı faktorunu unudur. Əminəm ki, Azərbaycana olan münasibəti İranın daxili siyasətində də ciddi böhranlar yarada bilər.
Çünki buradan verilə biləcək hər hansı bir mesaj İran daxilində siyasi qarşıdurmalara gətirib çıxarmaq gücündədir.
Belə bir şey baş versə, İran viran qalar. Xatırlayırsınızsa, Qarabağ müharibəsinin ilk günlərində İranda yaşayan soydaşlarımız ayağa qalxdılar, yolları kəsdilər ki, İran Ermənistana yardım göstərməsin. Ardınca İran məcbur qaldı ki, geri addım atsın. İndi də yəqin gözləyirlər ki, biz buradan çağırış edək və deyək ki, iqtidarınızı terrorçulara dəstək verməkdən çəkindirin. Düşünürəm ki, İran bu məsələdə gec olmadan geri addım atar və Azərbaycanla normal qonşuluq-dostluq siyasəti qurmağa başlayar”.
Anar Rəhimov, Bizim.Media