Paşinyan müxalifəti parlamentə niyə gətirdi? – Pərdəarxası MƏQAMLAR 

Paşinyan müxalifəti parlamentə niyə gətirdi? – Pərdəarxası MƏQAMLAR 

Hazırda oxunan: Paşinyan müxalifəti parlamentə niyə gətirdi? – Pərdəarxası MƏQAMLAR 

31196

Ermənistanda avqustun 2-də yeni seçilmiş parlament özünün ilk iclasını keçirib. Gözlənildiyi kimi qalmaqalla yadda qalan iclas müxalif deputatların parlamenti tərk etməsi ilə yekunlaşıb. Münaqişəyə səbəb isə müxalifət fraksiyalarının parlament spikerinin seçilməsi prosesini ədalətsiz hesab etmələri olub.

Parlamentdə təmsil olunan “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarının nümayəndələri həbsdə olan iki deputat Mxitar Zakaryan və Artur Sarqsyanın azad edilməsini tələb ediblər. Müxalif deputatların fikrincə, yalnız həmkarları azad ediləcəyi təqdirdə parlamentdə ədalətli müzakirələrdən danışmaq olar. Lakin onların tələbi yerinə yetirilməyib və deputatlar etiraz əlaməti olaraq iclası tərk ediblər.

Eyni gündə Ermənistan prezidenti Armen Sarkisyan da seçkilərdə qalib gələn Nikol Paşinyanı baş nazir kimi təsdiq edib.

İkinci dəfə baş nazir postuna yiyələnən Nikol Paşinyan qarşıdakı 15 gün ərzində yeni höküməti formalaşdırmalıdır. Ekspertlərin fikrincə, Paşinyan əldə etdiyi üstünlükdən sonuna qədər faydalanacaq. Yeni hökümətin tərkibində əsasən hakim “Vətəndaş müqaviləsi” fraksiyasının nümayəndələrinə yer veriləcək və müxalifət fraksiyalarının təmsilçiləri isə yeni hökümətdə təmsil olunmayacaq. Buna əsas səbəb isə seçkilərdən sonra Ermənistan müxalifətinin siyasi qərarlara ciddi təsir imkanlarından məhrum olması ilə bağlıdır. Lakin müşahidələr Paşinyanın daha fərqli planları olduğundan xəbər verir.

Paşinyanın qorxulu yuxusu

İlk olaraq nəzərə almaq lazımdır ki, Ermənistanın yeni seçilən parlamentində 107 mandatdan 71-i hakim “Vətəndaş müqaviləsi” faraksiyasının üzvlərinə məxsusdur. Parlementdə təmsil olunan iki müxalif fraksiyanın mandat sayı isə uyğun olaraq 29 (“Hayastan”) və 7 (“Mənim şərəfim var”) - dir. Bu say Paşinyana imkan verir ki, istənilən qərarı müxalifət fraksiyalarının razılığı olmadan qəbul edə bilsin. Buna ən yaxşı örnək parlamentin 2 avqustda keçirilən ilk iclasında müxalif deputatların etirazlarına rəğmən yeni spikerin seçilməsi prosesidir. 

İkinci amil isə Nikol Paşinyanın müxalifətə qarşı radikal mövqe sərgiləməkdə istəkli olmamasıdır.

Bu gün Ermənistan parlamentində qərarverici çoxluq Nikol Paşinyanın tərəfindədir, ancaq amil sadəcə qısa müddətli perspektivdə faydalı, uzun müddətli perspektivdə isə Paşinyanın əleyhinədir. Çünki Paşinyan müxalifət fraksiyalarını sıradan çıxarar və onların təsir gücünü azaldarsa, bu yeni seçilən parlamentə etimadın zəifləməsi ilə nəticələnəcək. Əgər müxalifət parlamentdə təmsil olunmağın siyasi proseslərə təsir imkanı vermədiyi və mənasız olduğu qənaətinə gələrsə, o zaman dəyişiklik üçün tək yol meydanlara çıxmaq olacaq.

Müxalifət təbiəti etibarilə siyasi proseslərə təsir etmək və hökümətə təzyiq göstərmək istəyir. Əgər bu legitim yollarla mümkün olmursa, meydanlara çıxmaq və inqilabi çağırışlar etmək ən effektiv yol kimi seçilir. Bu ssenari isə Nikol Paşinyan üçün qorxulu yuxudur. 

Paşinyanın müxalifətə qarşı yeni oyunu

Müşahidələr göstərir ki, Paşinyan rəhbəri olduğu fraksiyanın parlamentdəki üstünlüyündən istifadə etməklə yanaşı, qərarların qəbulunda müxalifət fraksiyalarını iştirakçılığını da artırmağı hədəfləyir. Çünki baş nazir başa düşür ki, parlamentdə təmsil olunan və müzakirələrdə iştirak edən bir müxalifət hökümətə qarşı loyal olmaq məcburiyyətindədir. Küçələrdəki radikal müxalifətin isə belə bir öhdəliyi yoxdur.

Digər tərəfdən bütün siyasi müzakirələrin və proseslərin özünün güclü olduğu parlamentdə getməsini istəyir.

Çünki bu halda Paşinyanın istədiyi qərar qəbul ediləcək və müxalifət də dolayı yolla bu prosesin bir parçasına çevrilmiş olacaq. Bu baxımdan Paşinyanın yeni planı Ermənistan müxalifətini “parlament müxalifəti” nə çevirməyə, nəticədə Ermənistandakı müxalif qüvvələri parçalamağa və radikal müxalifətin mövqeyini zəiflətməyə nail olmaqdır. 
Bu cür bir yanaşma həm də müttəfiqlərinin gözündə Paşinyanın demokratik dəyərlərin daşıyıcı olduğunu göstərəcək. Məhz bu səbəblə Nikol Paşinyanın parlamentdəki əzici üstünlüyünə rəğmən hələ də müxalifəti ciddiyə almaqda davam edir.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO