Cənubi Çin dənizi son zamanlar dünyanın böyük güclərinin əsas rəqabət meydanına çevrilməkdədir. Belə ki, regionda əsas söz sahibi olmaq uğrunda Çinlə ABŞ arasında gedən gərgin mübarizəyə yeni oyunçuların qatılması ilə vəziyyət daha da gərgin hal alıb.
Çin dənizinin qaynayan suları
1947-ci ildə Çin Xalq Respublikasının yeni yarandığı dövrdə rəsmi Pekin Cənubi Çin dənizinin 80% hissəsinə haqq iddia edib. Bu isə region ölkələri olan Filippin, Vyetnam və Malaziya kimi ölkələrin etirazı ilə qarşılanıb. Xüsusilə də, beynəxalq bölgüyə görə Çin Filippinə məxsus olan bir sıra zəngin yataqların olduğu bölgəyə daha çox maraq göstərir.
MÖVZU İLƏ BAĞLI:
Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - MN - FOTO/VİDEO
Bölgədəki qalmaqallar isə yalnız region ölkələrinin iştirakı ilə baş vermir. Eyni zamanda ABŞ-da Cənubi Çin Dənizindəki aktivliyini daimi olaraq qoruyur. Vaşinqtonun hərbi gəmilərinin regiondakı manevrlərinin mütəmadi olaraq davam etməsinə baxmayaraq, artıq digər ölkələr də oxşar addımlar atmağa başlayıblar. İlk olaraq, Yaponiya, İngiltərə, Avstraliya və Fransa ABŞ-ın təcrübəsinə baş vurublar. Daha sonra isə, bu say artmağa başlayıb və son olaraq Almaniya və Hindistanda qeyd olunan tendensiyaya qoşulublar.
Belə ki, Almaniya gözlənilmədən Cənubi Çin dənizinə 2002-ci ildən sonra ilk dəfə öz hərbi gəmisini göndərib.
Həmin gəminin beynəlxalq ticarət yolları ilə hərəkət edəcəyin bildirən rəsmi Berlinə isə, Pekinin cavabı sərt olub. Çin hökuməti Almaniyanı ölkəsinin ərazi bütövülüyünü tanımamaqda günahlandırıb.
Almaniyadan əlavə, Hindistan da oxşar addımı ilə yadda qalıb. Belə ki, region ölkələrinin qatıldığı hərbi dəniz təlimlərində rəsmi Dehlinin də iştirak edəcəyi bildirilib. Bu isə, onsuzda gərgin olan Çin-Hindistan münasibətlərinə daha bir zərbə vurub.
Qərbin birliyi
Vəziyyətin bu cür cərəyan etməsi isə, Qərbin Çinə qarşı birləşdiyini deməyə əsas verir. Xüsusilə də, son dönəmlərdə daha da gərginləşən ABŞ-Çin rəqabəti fonunda Ağ Evin Pekinə qarşı mübarizədə ciddi tərəfdaşlar qazanması mühüm əhəmiyyətə malikdir. Həmçinin Almaniyanın məsələyə cəlb olunmasını da Qərbin Çin qarşısında ciddi uğuru hesab etmək olar. Çünki belə olan halda Böyük Yeddilik ölkələrindən İtaliyanı çıxmaq şərti ilə bütün digər dövlətlərin Pekinə qarşı birliyi təmin edildi.
Bundan əlavə Asiyanın digər güclü dövləti olan Hindistan da Çinə qarşı Qərbin yanında yer alacağını nümayiş etdirmiş oldu.
Təbii ki, Dehlinin də Qərb ölkələri ilə birlikdə Pekinə qarşı mövqe tutması tərəflər arasındakı düşmənçilik münasibətləri səbəbindən təəccüblü qarşılanmamalıdır.
Çinin isə Qərb qarşısında susub oturmasına inanmaq sadəlöhvlük olardı. Belə ki, rəsmi Pekin də əlindəki təsir mexanizmlərindən rəqiblərinə qarşı tam şəkildə istifadə edəcəyinin ilkin siqnallarını da artıq verib. Rəsmi Pekin Almaniyanın qeyd olunan addımına verdiyi cavabda iki ölkə arasındakı ticarət əlaqələrini xatırlatmağı unutmayıb. Bu isə o deməkdir ki, rəsmi Berlinin bu addımı Çinlə Almaniya arasındakı iqtisadi münasibətlərə də ağır zərbə ola bilər. Eyni zamanda yaxın günlərdə Çin-hindistan sərhədində də yeni toqquşmaların baş verməsini proqnozlaşdırmaq olar.
Təbii ki, vəziyyətin bu cür davam etməsinin vəziyyəti daha da gərginləşdirməsi ehtimalı böyükdür.
Görünənsə odur ki, bir müddət əvvəl amerikalı mütəxəssislərin irəli sürdüyü “3-cü Dünya Müharibəsi Cənubi Çin dənizində başlayacaq” iddiaları yavaş-yavaş özünü doğrultmaqdadır.
Murad Əhmədov, Bizim.Media