İranda son baş verənlərlə bağlı Bizim.Media-ya danışan politoloq Zərdüşt Əlizadə öncə çox maraqlı bir məqama toxundu:
“70-ci illərin əvvələrində ərəb ölkələrində işləyirdim, yaşayırdım. Henri Kissincerin (ABŞ dövlət xadimi) bir məqaləsini oxudum. O yazırdı ki; gərək özümüzü aldatmayaq. Kommunizmə liberalizm ideyaları ilə qalib gələ bilməyəcəyik. Biz ona kommunizmdən daha yırtıcı olan millətçilik vasitəsilə qalib gələcəyik. Həqiqətən də Sovet ittifaqında millətçiləri dəstəklədilər və o yırtıcı millətçilər SSRİ-ni dağıtdılar. İndi də İranı dağıtmaq üçün təbii ki, ərəb, Azərbaycan millətçiliyindən, kürdlərdən və s. etnik qrupların hamısından istifadə edirlər”.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistana bu fürsəti Azərbaycan verir...” - Asim Mollazadədən ŞƏRH
Politoloq həmçinin qeyd etdi ki, İranı idarə edən rəsmi zümrənin ideologiyası islamdır. Millətçilik dar zümrəyə aid olsa da, islam ümumbəşəri ideyadır:
“Xuzistanda iki milyon ərəb yaşayır. O ərəbləri İran dövlətinə qarşı qaldırırlar. 20 milyon cənubi azərbaycanlı (bəzi mənbələrə görə 40 milyon) yaşayır ki, onları da İran dövlətinə qarşı qaldırırlar. Əlbəttə ki, İranın da özünümüdafiə imkanları var. Dünyada islam dininə qalib gələn heç bir ideologiya yoxdur, hələ tapılmayıb. Yəni, bu iman məsələsidir, məntiq məsələsi deyil. Bəlkə də məntiqlə islamı tənqid eləmək olar, amma iman məsələsində islama qalib gəlmək mümkün deyil. İslam rejimi də ideoloji silah kimi islam dininə söykənir. İslamda olan ictimai ədalət prinsiplərinə uyğun olaraq islam dövlətini elə qurublar ki, ümumi gəlirdən, ümumi sərvətdən demək olar ki, hamıya pay düşür.
Bizdə məsələn kasıblara heç nə düşmür. Amma İranın güclü kəşfiyyatı var və onlar şəhid ailələrinə, dul qadınlara, kasıblara, zəiflərə dəstək göndərirlər. Ümumi gəlirdən gələn payın xeyli hissəsi kasıbların dəstəklənməsinə sərf olunur. Onlar da islam rejiminin ictimai dayaqlarıdır”.
Zərdüşt Əlizadənin fikrincə, ərəb millətçilərinin “islam inqilabına ölüm”, “Xameneyiyə ölüm” qışqırmaqları heç nəyi dəyişmir, çünki hökumətin casus şəbəkəsi var. Onların şəkilləri çəkilir, fəalların hamısı müəyyənləşdirilir və birdən saxlanılırlar.
Cənubi Azərbaycanda da eynilə:
“İndi imkan verirlər ki, fəallar üzə çıxsın, liderlər müəyyənləşsin və sonra onları həbs etsinlər. İslam rejimi özünü müdafiə etməyə qadirdir.
Bu rejimin başında duran adamlar Vəzirovla Mütəllibov deyil ki, qətiyyətsiz, qorxaq olsunlar, bir ovuc dələduzun qabağından çəkilsinlər. Hakimiyyəti verib qaçsınlar. Onlar elə deyil, onlar iman adamlarıdır, əqidə insanlarıdır. Bu yaxınlarda xarici qüvvələrin və obyektiv daxili çətinliklərin təsiri altında etiraz dalğasının islam rejimini dağıdacağına ümidlər əbəsdir”.
Anar Rəhimov, Bizim.Media