İranı bürüyən etiraz dalğası – Molla rejimi öz Fatihəsini oxuyur...

İranı bürüyən etiraz dalğası – Molla rejimi öz Fatihəsini oxuyur...

Hazırda oxunan: İranı bürüyən etiraz dalğası – Molla rejimi öz Fatihəsini oxuyur...

29118

Son həftələrdə İranda artan xalq narazılığı diqqəti cəlb etməkdədir. Belə ki, yeni prezident İbrahim Rəisinin seçkilərdə qələbə qazanmasının səhəri günü – iyunun 19-da ölkənin bir sıra regionlarda fəhlələrin dinc nümayişləri baş verib. Bir neçə gün davam edən aksiyalarda etirazçıların əsas narazılığı ağır iş şəraiti və günbəgün mənfiyə doğru gedən sosial durum olub. 

İyulun 6-dan başlayaraq isə, rəsmi Tehrana qarşı etiraz dalğası müşahidə olunur. Əsasən də, ərəblərin kompakt yaşadığı Xuzistan ostanı aksiyaların episentrinə çevrilib. İlk öncə elektrik enerjisinin verilişindəki kəsintilərə etiraz edən xalq, mitinq zamanı İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin istefasına narazılığını dilə gətirməklə siyasi istəklərini də dilə gətirməyə başlayıb. Xuzistanda davam edən etirazlarda daha sonra səsləndirilən tələblər də artmağa davam edib və növbəti problem kimi su qıtlığı məsələsi qabardılıb. Etirazların genişlənməsindən qorxan rəsmi Tehran isə öz sərt mövqeyini ortaya qoyub. Polisin aksiyaçılara atəş açması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

İranın İsrail PROBLEMİ: Tehran cüt “sə”yə oynayacaqmı?


Ölkədə isə vəziyyət günbəgün daha da kritikləşir.

Xalqın mərkəzi hakimiyyətdən narazılığını açıq şəkildə nümayiş etdirən faktorlar isə yalnızca etirazlardan ibarət deyil. Belə ki, 18 iyunda keçirilən prezident seçkiləri ölkə tarixində ən aşağı seçici fəallığı ilə yadda qalıb. Bu isə, xalq arasında ölkə siyasətinə inamsızlığın nə dərəcədə böyük olduğunun göstəricisidir.

İranın tərifli səhiyyə sisteminin də bərbad durumu göz önündədir. Yaxın günlərdə İrəvan küçələrində yatan iranlıların kadrları dünya gündəminə oturmağı bacarmışdı. Belə ki, cənub qonşumuzun peyvənd qıtlığı səbəbindən vaksinləmə prosesində dünya ölkələrindən xeyli geri qalması, xalqı çətin vəziyyətə salıb. Çıxış yolu kimi isə İran vətəndaşlarının bir çoxu Ermənistana üz tutmaq məcburiyyətində qalıblar. İranlıların çarəni yoxsulluq səbəbindən əhalisinin böyük əksəriyyəti xarici ölkələrə qaçmış Ermənistanda tapması isə qonşu ölkədə durumun nə qədər vahiməli olduğunu gözlər önünə sərmək üçün, yəqin ki, yetərlidir. 

Ölkədə hökm sürən böhran vəziyyətindən isə, indiki mühafizəkar hökumətin yeritdiyi siyasətlə yaxa qurtarmaq mümkünsüz görünür.

Belə ki, hal-hazırda Çin investisiyaları ilə ayaqda durmağa çalışan İranın, demək olar ki, bütün region ölkələrini və Qərbi özünə düşmən etməsinin acı nəticələri gec də olsa özünü büruzə verməkdədir. Qapalı iqtisadiyyatı davam etdirəcəyini bildirən İbrahim Rəisinin isə bu cür siyasi xəttlə nəyisə müsbətə doğru dəyişməsini gözləmək sadəlöhvlük kimi görünür. Ölkədəki vəziyyəti sabitləşdirmək üçün Qərbin güzəştə getməsinə ehtiyac duyan rəsmi Tehran isə bu yöndə addımlar atmaq əvəzinə reformistlərin dövründə əldə olunmuş bir sıra müsbət irəliləyişlərin də üzərindən xətt çəkməkdədir.

Situasiyanın bu cür cərəyan etməsi isə İranın rəqiblərinin ölkədəki ən xırda problemdə vəziyyəti daha da gərginləşdirmək üçün pusquda gözləməsinə səbəb olub.

İrandakı vəziyyət isə İslam İnqilabından əvvəlki günləri xatırladır. 1979-cu ildə də ilk öncə sosial problemlər səbəbindən baş qaldırmış etirazlar sonda, Şahlıq rejiminin devrilməsi və bir sıra xarici mütəxəssislərin təbirincə desək İranda “qaranlıq çağ”ın başlaması ilə nəticələnmişdi.
Eyni zamanda Rəisinin sərt ritorikası da Rza şahın siyasətini xatırladır. 

Belə ki, Pəhləvi hökmdarı da nümayişçilərə qarşı ən ağır cəzaları tətbiq etməklə xalqın nifrətini birə-beş artırırdı.

İbrahim Rəisi də 1988-ci il hadisələrindəki sərt mövqeyini yenidən ortaya qoymaqda qərarlı görünür. O zamanlar 30 minə yaxın şəxsin edamının təşkilatçısı olduğu bildirilən prezidentin, indi də aksiyaçıların tələblərinə silahla cavab verdiyi görülür. Nəticədə isə, sanksiyalar və pandemiyanın viran qoymağa başladığı İranda xalqın rejimə qarşı nifrəti günbəgün daha da böyüməkdədir.

Lakin görünən odur ki, bu dəfə hadisələrin toqquşmalara çevrilməsinin nəticələri 1979-cu ildəkindən xeyli ağır olacaq. Çünki barmaqla sayılacaq ölkələri çıxmaq şərti ilə hər kəs hazırki İran rejimindən narazıdır. Bu səbəbdən də, etirazların genişlənməsi İranı Yaxın Şərqin növbəti Suriyasına çevirə bilər.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO