ABŞ Müdafiə Nazirliyinin strukturuna daxil olan Vest-Point Hərbi Akademiyasının Hərbi Hazırlıq Departamenti nəzdindəki Müasir Hərb İnstitutunun (Modern War Institute) saytında yerləşdirilmiş məqalə məhz Azərbaycan ordusunun Şuşa uğrunda döyüş taktikasının təhlilinə həsr olunub.
“Şuşa şəhəri uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin hesaba alınmamış dərsləri” adlı məqalənin müəllifləri həmin institutun Şəhər Müharibələri Layihəsinin həmmüəllifi Con Spenser və Seton Hall Universitetində bakalavr təhsili alan Harşana Qurhudur.
Bizim.Media xəbər verir ki, Con Spenser əvvəllər ABŞ ordusunun strateji araşdırmalar Qrupunun qərargah rəisi yanında elmi əməkdaş işləyib, piyada qüvvələrində 20 ilə yaxın xidmət edib, o cümlədən İraqdakı döyüş əməliyyatları zonasında iki dəfə ezamiyyətdə olub.
MÖVZU İLƏ BAĞLI:
Şuşa şəhəri necə alındı? – VİDEO
Amerikalı hərbi mütəxəssislər yazırlar ki, oktyabr ayının ortalarına qədər Azərbaycan hərbi qüvvələri Laçın dəhlizinə doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas şəhərlərdən hesab edilən Hadrutu azad etdi.
Oktyabrın 22-dək Azərbaycan hücumu ilə Laçın şəhərinə və həyati əhəmiyyət kəsb edən dəhlizə altı mil məsafəyə qədər yaxınlaşdı. Həmin dəhlizi itirməklə Ermənistan Qarabağdakı qüvvələrini dəstəkləməkdə çətinliklə üzləşə bilərdi.
28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan qüvvələrinin dörd yüz hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar.
Məlumata görə, xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.
Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Çünki əsas hücumu bu yollardan gözləyirdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxdılar və yarğanlardan keçdilər.
Oktyabrın 30-da erməni tərəfi döyüşlərin Şuşadan cəmi beş kilometr şərqdə getdiyini açıqladı. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə tutulmuşdu və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Xankəndinə qaçmasına səbəb olmuşdu.
Noyabrın 5-də Şuşaya hücum planı...
Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan ordusunun konvensional piyada qüvvələrinin Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya yardımın gəlməsi artıq mümkün deyildi. Yəni Həkəri çayı üzərindəki əsas körpü də dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı.
Bölgədəki nəzarətin itirildiyini görən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki əhalinin üzünə bağladı. 80-ə yaxın xarici reportyor döyüş bölgəsində təcrid vəziyyətində qaldı.
Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Səhər tezdən Şuşanın müdafiəsinə cavabdehlik daşıyan qüvvələrin komandiri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Arqişti Kərəmyanın şəhəri tərk etdiyi barədə xəbərlər yayıldı. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan tərəfi şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya əks-hücumların qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Azərbaycan ordusunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər.
Azərbaycanın xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar.
Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – T-72 tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi. Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular.
Noyabrın 8-i səhər “Artsax”ın “müdafiə nazirliyi” Şuşanı əhatə edən cəbhə xətti boyu gecədən bəri intensiv döyüşlərin getdiyini bildirdi.
Noyabrın 8-da Azərbaycan Prezidenti İlham Əliyev Şuşa üzərində qələbə və nəzarətin ələ alındığını elan etdi. Bu əvvəlcə Ermənistan tərəfindən təkzib edildi. Ancaq 10 Noyabrda Ermənistan baş naziri Nikol Paşinyan Şuşa da daxil olmaqla, Qarabağın bütün bölgələrini azad etmiş Azərbaycana təslim olmaq haqqında bəyanata imza atdı.
Müəlliflər qeyd edirlər ki, Qarabağ müharibəsinin dərsləri hələ öyrənilməlidir. Lakin bu müharibə şəhər döyüşlərinin vacib dərslərini də üzə çıxarır və onları öyrənmək vacibdir.
Bu dərslər isə aşağıdakılardır:
Şəhərlər müharibələr zamanı operativ və strateji hədəflər olaraq qalırlar. Şuşanın azad edilməsi Azərbaycanın strateji qələbəsi oldu və sonda müharibənin də taleyini həll etdi. Şuşanın alınmasından sonra Ermənistan təslim olmağa məcbur oldu, çünki qorxurdu ki, Azərbaycan qüvvələri hücum edib Dağlıq Qarabağın əsas şəhərini də (Xankəndi) ələ keçirəcək.
Digər mühüm dərs budur ki, həlledici əhəmiyyətə malik şəhərləri tutmaq və əldə saxlamaq üçün müasir qarışıq qüvvələrin tam dəstindən istifadə zəruridir. Burada həm xüsusi təyinatlı qüvvələr, həm adi quru qoşunları, həm uzaqvuran artilleriya və dəqiq zərbələr endirməyə imkan verən silah sistemləri, eləcə də güclü hava dəstəyi nəzərdə tutulur.
Havada üstünlük, bombardmanlar, uzaq məsafədən dəqiq zərbələrin endirilməsi və pilotsuz aviasiya sistemləri-bütün bunlar döyüş əməliyyatlarının aparılması imkanlarını təmin edir.
Qarabağda müharibəni təkcə müasir pilotsuz aparatlar udmayıb. Şəhər müharibələri təkcə piyadaların döyüşləri deyil. Müharibənin həlledici əməliyyatı-Şuşanın azad edilməsi ümumqoşun imkanları tələb edirdi ki, burada xüsusi təyinatlı qüvvələr, artilleriya atəşləri, zirehli texnika, mühəndis qoşunları, eyni zamanda piyada birləşmələri tətbiq edilmişdi. Başqa sözlə, əraziləri tutmaq və əldə saxlamaq üçün yerüstü qüvvələr lazım idi, amma yekun nəticəni əldə etmək üçün bir çox digər vasitələr də tətbiq edilmişdi.
Müəlliflər sonda qeyd edirlər ki, Şuşa uğrunda həm 1992, həm 2020-ci il döyüşlərinin təhlili belə qənaətə gəlməyə əsas verir: müdafiə olunan qüvvələr çoxsəviyyəli müdafiə planlarına, o cümlədən geniş təsəvvürlərə və hərbi əməliyyatlar apamaq imkanlarına malik olmalıdır.
Bizim.Media