İyulun 12-də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla İsrailin yeni prezidenti İshak Hersoq arasında telefon danışığı olub. Ərdoğan Hersoqu andiçmə mərasimi münasibətilə təbrik edib. Telefon söhbətində Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.
Bizim.Media xəbər verir ki, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında məsələni şərh edib.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyanın Xankəndinə səfəri Moskvadan asılıdır”
O, qeyd edib ki, bölgədə böyük güc sahibinə çevrilən Türkiyə üçün İsraillə münasibətlərdə daimi gərginlik Ankaraya əlavə problemlər yaradırdı:
“Bir qisim ərəb ölkəsi belə İsraillə diplomatik münasibətlər qurarkən Ankaranın İsraillə siyasi dialoqdan imtinasının perspektivi yox idi. Ancaq Ərdoğanın İsraillə dialoqa başlaması üçün bu ölkənin baş naziri Benyamin Netanyahunun başqasıyla əvəzlənməsi şərt idi, çünki son illər iki lider bir-birlərinə qarşı ağır ifadələr işlətmişdilər. Benyamin Netanyahu artıq baş nazir deyil, demək Ankaranın İsrailin yeni hökuməti və yeni prezidenti ilə təmasa başlaması üçün maneə yoxdur. Ərdoğanın israilli həmkarıyla telefon söhbətində vurğuladığı kimi Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət daşıyır. Ankara Yaxın Şərq prosesində rol almaq istəyirsə, Fələstinlə yanaşı İsraillə ilə də sıx dialoq içində olmalıdır. Ancaq Ərdoğan İsrail prezidentinə yenə də öz sözünü deyib:
“Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi və ikidövlətli həll variantı vacibdir”. Yəni Ərdoğan İsraillə yenidən siyasi dialoqa başlasa da, Fələstin probleminin həllinə baxışı dəyişməyib”.
Politoloqun sözlərinə görə Türkiyə ilə İsrail arasında siyasi gərginliyiə baxmayaraq, iqtisadi əlaqələr həmişə üst səviyyədə olub və bunu qorumaq lazımdır:
“Elə Ərdoğan da israilli həmkarıyla telefon söhbətində buna işarə edib. Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu söyləyib. Türkiyə Cumhurbaşqanı epidemiyaya baxmayaraq, ikitərəfli ticarətin həcminin artdığını və bu potensialdan faydalanmağın ortaq maraqlara xidmət etdiyini qeyd edib. Bundan əlavə İsrailin illərdir gizli şəkildə qonşu ölkələrdə kürd separatizminə dəstək verdiyi barədə Türkiyədə fikirlər dolaşır.
Əgər bu həqiqətən belədirsə, yəni İsrail Türkiyənin problemini dərinləşdirməklə məşğuldursa, demək Tel-Əvivə bu siyasətindən vaz keçməsini anlatmaq lazımdır. Bunun ən münasib yolu isə İsraillə siyasi dialoqun bərpasından və ortaq nöqtələrin axtarışından keçir”.
Politoloqun fikrincə, Türkiyə-İsrail siyasi dialoqu Azərbaycan üçün də əhəmiyyətlidir
“Türkiyə Azərbaycanın strateji müttəfiq, İsrail isə strateji tərəfdaşıdır. Türkiyə ilə İsrail arasında münasibətlər gərgin olarkən bunun Azərbaycana da mənfi təsirləri olurdu. Türkiyə-İsrail dialoqunun başlamasının Qarabağın bərpasında da rolu ola bilər. Qarabağın bərpa çalışmalarında Türkiyə və İsrail şirkətlərin birgə fəaliyyət göstərə bilərlər”, deyə Elxan Şahinoğlu əlavə edib.
Açina Amilqızı, Bizim.Media