Donbas üçün Qarabağ variantı – Ukrayna Rusiya ilə danışıqlara gedəcəkmi?

Donbas üçün Qarabağ variantı – Ukrayna Rusiya ilə danışıqlara gedəcəkmi?

Hazırda oxunan: Donbas üçün Qarabağ variantı – Ukrayna Rusiya ilə danışıqlara gedəcəkmi?

28343

Qara dənizdə suların isinməsi Ukrayna və Rusiya arasında münaqişənin yenidən alovlanması ehtimallarını yaradıb. Belə ki, NATO ölkələrinin regionda Kremli qıcıqlandıran addımları savaş variantını yenidən aktuallaşdırıb. Qərbin qarşıdurmaları alovlandıracaq addımlar atmasını isə bir çox mütəxəssislər məhz Ukraynaya ünvanlanan mesaj olaraq qiymətləndirirlər. 

Bu ilin mart-aprel aylarında Ukraynanın şərqində münaqişənin yenidən canlanması fonunda NATO-dan rəsmi Kiyevə ciddi dəstək açıqlamaları gəlməkdə idi.

Qərb sözügedən mesajları ilə Ukraynanı rəsmi Moskvaya qarşı mübarizəyə və ərazi bütövlüyünü bərpa etməyə yönləndirmək məqsədi güdürdü. Lakin Kiyevə lazımi dəstəyin verilməməsi səbəbindən münaqişə zonasında ciddi canlanma baş vermədi. Eyni zamanda Qərb də öz niyyətindən yayınmayaraq sözügedən istiqamətdə fəaliyyətini davam etdirdi.

Bu zaman isə belə bir sual ortaya çıxır: Ukrayna ərazi bütövlüyünü təmin etmək üçün hansı yola əl atacaq?
 

MÖVZU İLƏ BAĞLI:

Növbəti müharibə hansı ölkələrdə olacaq? – Rusiyanın STOP işarəsi


Vəziyyətin ümumi mənzərəsinə baxıqda görünən odur ki, Ukraynanın Rusiya ilə təkbətək mübarizə aparacaq hərbi və iqtisadi gücü yoxdur.

Eyni zamanda xalq arasında da Kremlə qarşı birmənalı münasibət yoxdur. Belə ki, Ukraynada rusyönümlü qüvvələrin hələ də ciddi dəstəyi mövcuddur. Digər bir məsələ isə, Qərbin ipi ilə quyuya enməyin etibarlı olmamasıdır. Xatırladaq ki, Gürcüstanla bağlı da böyük bəyanatlar verən həmin Qərb Rusiyanın hücumu qarşısında sadəcə tamaşaçı qalmaqla kifayətlənmişdi. Bu amilləri nəzərə alan rəsmi Kiyev, təbii ki, müharibə variantını hər zaman ən son alternativ kimi düşünməyə məcburdur. Çünki Rusiya ilə baş verə biləcək toqquşmada Ukrayna üçün ikiyə bölünmək kimi real təhlükə də mövcuddur. Lakin vəziyyətin bu formada cərəyan etməsi rəsmi Kiyevin haqlı mübarizəsindən çəkilməsi üçün əsas vermir.

Hərb yox, sülh

Hərb variantının çox kiçik ehtimal olduğu belə bir situasiyada məsələnin sülh yolu ilə həll olunması ən məntiqli variant kimi nəzərə çarpmaqdadır.

Bunun üçün isə, Ukraynanın səbrli olmasında fayda var. Azərbaycanın nümunəsində olduğu kimi. Belə ki, rəsmi Bakı münaqişədə savaş yolunu seçənə qədər 30 il müddətində diplomatik səylərini davam etdirərək münaqişənin sülh yolu ilə həllin nail olmaq üçün bütün alternativləri dəyərləndirdi. Sonunda isə, lazımi situasiya yetişdikdə problemi 2 aydan daha qısa bir müddətdə həll etməyə nail oldu. Qısaca, Azərbaycan beynəlxalq ictimaiyyətə müharibədən başqa yolunun qalmadığını sübut etdi.

Lakin Ukraynanın başqa bir yolu var. 

Belə ki, sırf Qərbyönümlü siyasət yürütməklə Rusiyanı özündən daha da uzaqlaşdırmağın rəsmi Kiyevə fayda gətirməsi mümkün görünmür. Lakin Kremllə əlaqələri normallaşdırıb, sözügedən mövzuda dialoqa getməklə müsbət nəticə əldə etmək ehtimalı gerçəkləşə bilər. Təbii ki, müəyyən səviyyədə.

Çünki Krım məsələsində Rusiyanın hər hansı güzəştə gedəcəyi real görünmür. Belə ki, rəsmi Moskva yarımadanı öz ərazisi hesab edir. Lakin Donbasda vəziyyət Qarabağdakı duruma daha çox bənzəyir, yəni Kreml Donetsk və Luqanska hər hansı formada müdaxilə etdiyini qəbul etmir. Eyni zamanda Rusiyanın özü də Ukrayna ilə olan münaqişəli vəziyyət səbəbindən tətbiq olunan sanksiyaların nəticəsində ciddi iqtisadi zərərlə qarşılaşıb.

Bu səbəbdən də, rəsmi Moskva Kiyevlə danışıqlara maraq göstərə bilər.

Əgər Ukrayna Donbasla bağlı danışıqlarda uğur qazana bilərsə, daha uzaq dövr üçün Krımla bağlı da ən azı status məsələsində müsbət irəliləyişə nail ola bilər. Yəni Ukrayna hökuməti hazırki reallığa əsasən qəbul etməlidir ki, ən pis sülh belə müharibədən daha yaxşıdır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO