İranın İsrail PROBLEMİ: Tehran cüt “sə”yə oynayacaqmı?

İranın İsrail PROBLEMİ: Tehran cüt “sə”yə oynayacaqmı?

Hazırda oxunan: İranın İsrail PROBLEMİ: Tehran cüt “sə”yə oynayacaqmı?

27873

İranın xarici işlər nazirliyinin sözcüsü Səid Hatipzadə mətbuata verdiyi açıqlamada rəsmi Tehranın “3+3” formatına maraqlı olduğunu qeyd edib.

Rəsmi Bakının sözügedən (Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan) əməkdaşlıq təklifinə münasibət bildirən diplomat deyib:

“Biz Cənubi Qafqazın üç dövləti, Rusiya və Türkiyə ilə yaxın əlaqələrə malikik. Başqa sözlə, İran belə bir əməkdaşlığın ilk addımlarını ata bilər”. 

Hatipzadənin açıqlamasından da göründüyü kimi, “3+3” formatı İran üçün mühüm əhəmiyyətə malikdir. Rəsmi Tehranın əməkdaşlıq təklifinə müsbət yanaşması üçün səbəbləri isə heç də az deyil.
 

MÖVZU İLƏ BAĞLI:

İran Azərbaycandan QİSASI görün necə alır - ŞOK FAKTLAR 


İlk olaraq, İranın hazırki durumu regional əlaqələrin inkişafına ehtiyacın yaranması ilə nəticələnib. Belə ki, uzun müddətdir davam edən sanksiyalar səbəbindən ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşmaqdadır. Buna görə də, rəsmi Tehran inkişafına müsbət təsir göstərəcək proyektlərə böyük maraq göstərməkdədir.

Eyni zamanda, bir sıra spesifik səbəblər də mövcuddur.

Onlardan birincisi İranın xilas gözü ilə baxdığı Şimal-Cənub, eyni zamanda Azərbaycan və Gürcüstandan keçən Cənub-Qərb dəhlizləridir. Bu kommunikasiya xətləri rəsmi Tehrana tətbiq olunan sanksiyalar səbəbindən məhdudlaşdırılmışdı. Lakin sözügedən dəhlizlər fəaliyyətə başlayacağı təqdirdə ölkənin logistik əhəmiyyəti artacaq və cənub qonşumuz Asiya və Avropa arasında ən önəmli nəqliyyat qovşaqlarına çıxış əldə etmək fürsəti yaxalayacaq. Belə olan halda isə, İran üzərindən daşınmaların artması və nəticədə Tehranın yüksək həcmdə gəlir əldə etməsi üçün əlverişli imkan yaranacaq.

Habelə son onilliklərin dünya təcrübəsinə nəzər saldıqda görə bilərik ki, ölkələrin iqtisadi inkişafını tətikləyən ən önəmli faktor beynəlxalq əməkdaşlıqdan daha çox regional əlaqələrin güclənməsidir. Bu səbəbdən də, bölgədə əlaqələri gücləndirmək fürsətini əldə edən İran dünya təcrübəsində olduğu kimi, yeni inkişaf imkanlarını əldə etmək üçün “6-lıq” formatında işlərin aparılması üçün vasitəçi olmaqda maraqlıdır.

Rəsmi Tehranın iqtisadi səbəbləri ilə yanaşı, bir sıra siyasi maraqları olduğu gerçəyi də danılmazdır. 

İlk olaraq, Azərbaycan və Türkiyənin maraqlarına zidd hərəkət edərək rəsmi İrəvanla əlaqələri gücləndirməsi səbəbindən, nüfuzuna zərbə vuran İran üçün sözügedən ölkələrlə siyasi əlaqələri yoluna qoymaq imkanı yaranıb.

Eyni zamanda, sadəcə Ermənistan kartına oynamaqla bölgədə nüfuz qazanmaqdan çox itirəcəyi gerçəyini dərk edən İran üçün, geri addım atmadan öz mövqeyini gücləndirmək fürsəti peydə olub.

Digər önəmli faktor isə, İranın əsas düşməni hesab etdiyi İsrailin Azərbaycanla inkişaf edən əlaqələridir. Sözügedən əməkdaşlığı heç bir vəchlə qəbul etmək istəməyən rəsmi Tehran Azərbaycanla münasibətləri inkişaf etdirməklə, Tel-Əvivin təsir imkanlarını da müəyyən qədər azaltmağı hədəfləyə bilər.

Ümumilikdə isə, hansı məqsədlərlə “3+3” formatını dəstəkləməsindən asılı olmayaraq İran hökumətinin layihəyə göstərdiyi maraq müsbət amil hesab oluna bilər. Bəlkə də, açıqlamada deyildiyi kimi, İranın hazırki təşəbbüskarlığı bölgənin uğurlu inkişafı üçün mühüm addıma çevriləcək. Nəticəni isə, bizə zaman göstərəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO