İranda mühüm dönüş nöqtəsi yaşanır: uzun illərdir tətbiq edilən hicab məcburiliyi aradan qaldırılır. 46 yaşlı hicab artıq tarixə qovuşur. Bu hadisə həm İran daxilində, həm beynəlxalq aləmdə geniş rezonans doğurdu - qadınların şəxsi azadlığı, sosial ədalət kimi məsələlər yenidən gündəmdədir.
Göründüyü kimi İran yeni mərhələyə qədəm qoyur, amma onu bu “qədəm”ə nələr gətirib çıxardı? Beynəlxalq əlaqəlar, daxili etirazlar, yoxsa sanksiyalar?
MÖVZU İLƏ BAĞLI:
Xameneinin jurnalisti hicab qanununun ləğvi barədə bəyanatı tənqid etdi
Bizim.Media-nın suallarını cavablandıran millət vəkili Azər Allahverənov bildirdi ki, bununla bağlı rəsmi olaraq hər hansı fərman ya sərəncam imzalanmayıb.
Amma buna bənzər addım atıldığı ən azından sosial şəbəkələr üzərindən görünür. Buna qədər də məsələ ilə bağlı bəyanat səsləndirilmişdi. Hazırda hicab haqqında sərt cəzalar tətbiq edən qanunlar dayandırılıb. Çünki ictimai narazılıq, qeyri-sabitlik yaradan ajiotajlar, müxtəlif illərdə buna qarşı keçirilmiş aksiyalar öz sözünü dedi.
“Sonrakı mərhələdə yeni qanun layihəsi olacaqsa, bu da rəsmi şəkildə dərc olunmalıdır. İran və Azərbaycan sosial seqmentlərində bu məsələ geniş işıqlandırılmaqdadır. İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonərin bəyənatına əsaslanaraq bu xəbərlər yayılıb. Əslində Bahonər sırf öz mövqeyini açıqlayıb. Bu, verbal şəkildə dilə gətirilmiş bir fikirdir. Digər tərəfdən ölkə prezidenti Pezeşkian da çıxışlarında hicabın sərbəstliyi ilə bağlı fikrini söyləmişdi. Amma hicab haqqında qanun hələ qüvvədədir”.
Millət vəkili qeyd etdi ki, mühafizəkarlarla islahatçılar arasında hicabla bağlı fikir ayrılığı var:
“Bundan başqa beynəlxalq ictimaiyyətin reaksiyası, ölkənin imici və digər məsələlər ətrafında müəyyən narahatlıqlar var. Yəni məsələyə münasibət birmənalı deyil. Bu bir prosesdir, yəqin ki üzərində hüquqi işlər gedəcək” – deyə o vurğuladı.
Şəfiqə Şəfa, Bizim.Media