Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Kiyevin addımlarına cavab olaraq Ukrayna ərazisində yerləşən atom elektrik stansiyalarına (AES) zərbələr endirilə biləcəyi xəbərdarlığını edib.
“Ukraynanın başa düşməsi lazımdır ki, onların ərazisində də atom elektrik stansiyaları mövcuddur. Əgər Zaporoje AES-ə hücumlar davam edərsə, Rusiya buna eyni addımla cavab verə bilər”, – deyə Putin bildirib.
Xatırladaq ki, 2023-cü ilin iyununda Rusiya Dnepr çayı üzərində Kaxovka su anbarını partlatmaqla Xerson şəhəri daxil olmaqla bir sıra şəhərlər, qəsəbələr və kəndlərin su altında qalmasına səbəb olub.
Görünən qədərilə, Rusiya indi daha dəhşətli hərəkətlərə yol vermək niyyətindədir. Putinin bu təhdidi Ukraynanın son zamanlar Rusiya ərazisinin dərinliklərində həyata keçirdiyi hücumların ciddi təsir göstərdiyinə işarədir. Belə ki, həmin hücumlar nəticəsində məlumatlara görə, Rusiya neft emalı gücünün 38 faizini itirib. Bu isə Rusiyanın çətin vəziyyətə düşdüyünü göstərir.
Putin də görünür qarşı tərəfi belə addımlardan çəkindirmək üçün AES-ləri vuracağı ilə hədələyir.
Xatırladaq ki, bir neçə gün əvvəl isə ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedyevin nüvə təhdidlərinə cavab olaraq, birbaşa olmasa da, Moskvanı anoloji silahla təhdid etdi.
Rusiya nüvə fəlakətinə səbəb olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, nüvə silahından istifadə ediləcəyi istisnadır:
“Çünki nüvə silahı onu tətbiq edənin beynəlxalq nüfuzunu heçə endirəcək, beynəlxalq hüquq sistemindən tamamilə xaric edəcək, hörmət və nüfuzuna ağır zərbə vuracaq. Belə vəziyyətdə bütün dünya taktiki nüvə silahı işlədən ölkəyə qarşı qalxacaq. Nəticədə bu addımı atan ölkə ağır siyasi məğlubiyyətə uğrayacaq”.
Nüvə silahı döyüşdəki qüvvələr nisbətinə təsir etməyəcək.
Həmsöhbətimiz qeyd edir ki, nüvə silahının məhdud tətbiqi döyüş meydanında qüvvələr nisbətini əsla dəyişməyəcək:
“Zərbə endirilən sahəyə müharibə edən tərəflər daxil olub, orada döyüşə bilməyəcəklər. Həmin ərazi döyüş üçün yararsız olacaq. Ona görə də heç bir hərbi qələbəyə səbəb olmayacaq taktiki nüvə silahı zərbəsi istisna edilir”.
Səslənən hədələr isə ekspertin fikrincə, cəbhə xəttində qüvvələr nisbətinin bərabər olduğuna işarədir:
“Hazırda mövcud olan gərginliyə gəldikdə, döyüşdə tərəflərdən hər hansı biri qəti üstünlük əldə edə bilmirsə, onda söz güləşdirməyə, mənasız hədələrə keçirlər. Bu cür yersiz açıqlamalar da döyüş meydanında qüvvələr nisbətinin təxminən bərabər olmasının təzahürüdür. Qərbin isə nüvə silahından istifadə etmək fikri yoxdur”.
Rüfət Sultan, Bizim.Media