“Milli Məclisdə oturan deputatların çoxu qəbul etdikləri qərarların demək olar ki, mahiyyətini belə bilmirlər. Deputatların qərarları xalq üçün deyil, hansısa şirkət, məmur və qurumların tələblərinə cavab verir. Burada adi vətəndaşın mənafeləri güdülmür. Çünki parlamentdə oturanların çoxu xalqdan qopublar. Məsələn bir nazir bir qərar irəli sürür, deputat ona səs verir və qərar qəbul edilir. Sabahda nazirə zəng edib deyir ki, filankəs müəllim sizin təklifinizə səs verdim. Nazir də ona minnətdarlığını bildirir.
Bunlar bu mexanizmlə işləyirlər. Həmin o millət vəkili düşünür ki, sabah mən xalqın xeyrinə qərar versəm bu mənə heç nə verməyəcək.
Bundan başqa Milli Məclisdə oturan deputatların 90 %-i heç qanun layihələrini oxumurlar. Parlamentdə elə deputatlar oturub ki, bu layihələri oxumaq istəsələr belə oxuya bilməzlər, çünki onlar hələ də kiril əlifbasından latın qrafikasına keçə bilməyiblər”.
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslıdan toy qərarına MÜNASİBƏT: “Mən küçədə toy edirəm, sənə nə?”
Bu fikirləri Ağ Partiyanın lideri Tural Abbaslı Bizim.Media-ya açıqlamasında məmur xalq münasibətlərindən danışarkən deyib.
“Bütün rayonlarda tikilən olimpiya komplekslərinin qapıları bağlıdır. İdman zalları, üzgüçülük hovuzları var ki, işlənmədiyi üçün qalıb xarab olur. Ancaq həmin idarənin rəhbərliyi, icra başçıları və digər vəzifəli şəxslər ora gəlir, kabab yeyir oranı restoran kimi istifadə edir. Xüsusi hallarda aylıq ödənişlə imtiyazlı, istədikləri adamları ora buraxırlar. Xatırladım ki, o obyektlərin tikilməsinə, saxlanılmasına maliyyə dövlət büdcəsindən ayrılır”. “Əgər bu komplekslər xalqın üzünə də bağlıdırsa, onda niyə tikiliblər”, - deyə o, bildirib.
Partiya sədri həmçinin qeyd edib ki, komplekslər insanların üzünə açılsa və onlar asudə vaxtlarını səmərəli keçirsə, bu zaman həmin o rayonun gəncliyi də xilas olar, ictimai-mədəni mühüti də sağlam olar. İnsanların rayondan şəhərə axışı da azalar.
“Kresloda əyləşənlər özlərinə əziyyət vermək istəmirlər. Çünki Olimpiya komplekslərinin müdirləri düşünürlər ki, ən azından rayonda 30 kənd var hərəsindən 5 uşaq ayağı palçıqlı kompleksə gəlib dəhlizdə yeriyəcək. Alətləri istifadə edib, xarab edəcək.
Onlar rahat şəkildə oturub, boş divarlara müdirlik etmək istəyir. Bu obyektləri ən yaxşı halda öz elit qonaqlarının istifadəsi üçün saxlayırlar. Bu vəziyyət demək olar ki, olimpiya kompleksi tikilən bütün rayonlarda var. Ona görə də cavanlar narkomaniyaya, qumara və digər pis vərdişlərə aludə olurlar.Mən istəyərdim gənclər öz bədən quruluşları, əzələləri ilə yarışsınlar, yoxsa orda-burda qəlyan çəkməklə yox”.
Tural Abbaslı həmçinin bildirib ki, bütün ranqlı məmurlar, səlahiyyətli şəxslər xalqı düşünmədən ancaq “lazım olan” insanların mənafeləri üçün çalışır.
Vüsalə Balayeva, Bizim.Media