Deputatların yay tətili başa çatıb. Artıq Milli Məclisin qarşıdan gələn iclaslarında hansı məsələlərin müzakirəyə çıxarılacağı maraq doğurur.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı bir sıra millət vəkillərinin mövqeyini öyrənib.
Deputat Razi Nurullayev bildirib ki, son aylarda qiymət artımı ciddi şəkildə müşahidə olunur:
“Əmlak bazarında da, ərzaq bazarında da, kənd təsərrüfatı məhsullarında da bahalaşma var. Xaricdən idxal olunan məhsullar da kütləvi şəkildə bahalaşıb. İnsanlar gündəlik tələbat mallarını almaqda çətinlik çəkir. Bu isə sosial problemlər yaradır. Mən yeni sessiyada məhz bu məsələnin həlli istiqamətində addımların müzakirəyə çıxarılmasını təklif edəcəyəm”, - deyə o bildirib.
Deputat Hikmət Babaoğlu isə diqqəti işğaldan azad edilmiş ərazilərə yönəldib:
“2026-cı ildə qayıdışla bağlı birinci dövlət proqramı başa çatır. İndi əsas məqsəd həmin ərazilərə həm yerli, həm də xarici sərmayədarların cəlb olunmasıdır. Bunun üçün güzəştli vergi şərtlərinin müəyyənləşdirilməsi zəruridir. Bu, iqtisadiyyatımıza əlavə stimul qazandıracaq”.
Deputat həmçinin yol hərəkətinin tənzimlənməsi və təhsil sahəsində yeni addımların vacibliyini də vurğulayıb:
“Qaydaların sərtləşdirilməsinə, eləcə də universitetlərə daha çox müstəqillik verilməsinə ehtiyac var. Bu, həm yol təhlükəsizliyinə, həm də təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər”.
Deputat Günay Ağamalı isə yeni sessiyada diqqətini ailə institutunun möhkəmləndirilməsinə yönəldəcəyini deyib:
“Dövlətin gücü yalnız iqtisadi göstəricilərlə ölçülmür. Güclü ailə institutu milli-mənəvi dəyərlərin qorunmasının əsas təminatıdır. Yeni qanunvericilik təşəbbüslərim gənc nəslin sağlam mühitdə böyüməsinə və ailədaxili münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Ailə möhkəm olduqda dövlət də güclü olur”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursu onların fəaliyyətində başlıca yol xəritəsi olacaq.
Aygün Hüseyn, Bizim.Media