Xəbər verdiyimiz kimi, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ermənistanlı həmkarı Ararat Mirzoyanla diplomatik münasibətlərin qurulması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər. Pakistanın XİN rəhbəri bu barədə məlumatı rəsmi “X” hesabında təsdiqləyib.
Avqustun 31-də isə Çinin Tianjin şəhərində Pakistanın xarici işlər naziri Məhəmməd İshak Dar və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike imzalayıblar. Tərəflər kommünikeni imzalamaqla Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasını təsdiqləyiblər.
MÖVZU İLƏ BAĞLI:
Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulmasını Azərbaycanla RAZILAŞDIRIB
Pakistanın bu qərarı Bakının sülh gündəliyinin tərkib hissəsi kimi koordinasiya olunub.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Hikmət Babaoğlu Pakistanın dostluğa sadiq ölkə olduğunu bildirib.
“Pakistan və Ermənistan arasında əlaqələrin qurulmasını qardaş Pakistanın məhz Azərbaycanın razılığını aldıqdan sonra atdığı addım kimi qiymətləndirmək olar. Çünki Pakistan dostluğa və müttəfiqliyə sadiq bir ölkədir”, – deyə deputat qeyd edib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidenti “artıq Azərbaycan və Ermənistan arasında müharibə riski yoxdur” ifadəsini işlətdikdən sonra bu addımın atılması elə Azərbaycanın mövqeyinin nəzərə alınması kimi dəyərləndirilməlidir:
“Əlbəttə ki, bu yeni mərhələ 8 avqust tarixində Vaşinqtonda Ermənistan Azərbaycan və ABŞ arasında əldə olunmuş razılığın nəticəsi olaraq ortaya çıxdı.
Bu məsələdə də heç şübhəsiz Azərbaycanın mövqeyi nəzərə alınıb. Atılacaq bu addım düşünürəm ki, öncədən Azərbaycanla razılaşdırılıb”.
Xatırladaq ki, Pakistan Ermənistanla əlaqələri Azərbaycan torpaqlarının işğalı başlayandan sonra dayandırıb və həmin dövr ərzində İslamabad Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. Həmçinin Pakistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrinin qəbulunda mühüm rol oynayıb.
Şəfiqə Şəfa, Bizim.Media