İyunun 28-də Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Prezidenti Si Tsinpin arasında videokonfrans keçirilib. Müzakirələrdən sonra Rusiya və Çin arasında “Dostluq və əməkdaşlıq haqqında” müqavilənin uzadılmasına qərar verilib.
Qeyd edək ki, sözügedən saziş 2001-ci ildə imzalanıb və 20 ilə yaxın müddət qüvvədə olub.
MÖVZU İLƏ BAĞLI:
Rusiya və Çin yaxın qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsini uzatdılar
Beynəlxalq arenada hökm sürən hazırki situasiyaya nəzər saldıqda, əldə olunan bu cür anlaşmanın nə qədər böyük əhəmiyyətə malik olduğunu anlaya bilərik.
ABŞ-ın puç olan xəyalları
Co Baydenin ABŞ-da hakimiyyətə gəlməsinin ardından rəsmi Vaşinqtonun xarici siyasətində ciddi dəyişikliklərin meydana çıxdığı hər kəsə məlumdur. Eks-prezident Donald Trampın dövründə dünya ölkələri ilə münasibətdə daha mülayim Ağ Ev müşahidə olunurdusa, Baydenin gəlişi ilə bu tendensiya tamamilə dəyişib. İlk olaraq, Rusiyaya, daha doğrusu isə Putinin özünə qarşı sərt mövqe ortaya qoyan Bayden hakimiyyəti, daha sonra əsas diqqətini Çinə doğru yönəldib.
Son dönəmlərdə Ağ Ev rəsmilərindən gələn açıqlamalarda rəsmi Vaşinqtonun Rusiyanı rəqib, Çini isə əsas təhlükə olaraq görüdüyü də diqqətdən yayınmayıb. Bu səbəbdən də, ABŞ-ın Rusiya ilə əlaqələri müsbət yöndə inkişaf etdirəcəyi və Çinə qarşı mübarizədə Kremli 2-ci plana atacağı güman olunurdu. Sözügedən istiqamətdə siyasət yürütməyə çalışan Co Bayden iyunun 16-da Vladimir Putinlə görüş keçirib. Tərəflər arasında 4 saatdan çox davam edən müzakirələrdən sonra, hər iki ölkə lideri danışıqların müsbət ab-havada keçdiyini qeyd ediblər.
Amma...
Lakin görününən odur ki, əslində hər şey mətbuata açıqlandığı kimi deyilmiş. Vladimir Putin hər zamankı kimi, gözlənilməz vaxtda addım ataraq Kremlin gələcək xarici siyasət istiqamətini dünyaya nümayiş etdirib. Artıq Rusiyanın ABŞ-la münasibətlərinin yaxın zamanda qaydaya düşməyəcəyini asanlıqla söyləmək olar.
Əslində Putinin bu cür addım atması da başadüşüləndir. Hər nə qədər Baydenlə görüşmənin uğurlu keçdiyini söyləsək də, Kremlə qarşı ilk addımı da məhz Ağ Ev atdı. Bir neçə gün öncə Vaşinqton rəsmilərinin Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlandığını bildirən açıqlamalar verməsi, Moskvanı cavab tədbirləri görməyə vadar edib.
Düzdür, Putin hökuməti də Çinə qarşı nisbətən məsafəli siyasət yürütməsi ilə diqqət çəkib.
Buna səbəb isə istənilən ölkə kimi, Rusiyanın da qonşuluğunda güclü dövlətin mövcudluğunu istəməməsindən irəli gəlirdi. Lakin Qərbin uzun müddətdir davam edən sanksiyaları qarşısında Rusiyanın təkbaşına müqavimət göstərə bilməsi də mümkünsüz idi. Bu səbəbdən, Moskva Pekinlə əməkdaşlığı genişləndirmək yolunu seçməklə, müəyyən qədər də olsa iqtisadi sabitlik əldə edə biləcəyinə güvənərək sözügedən addımı atıb.
Rusiya-Çin əməkdaşlığının inkişafı isə, ABŞ üçün, yəqin ki, ən pis ssenaridir. Ağ Evin uzun illərdir qorumağa çalışdığı “təkqütblü dünya” konsepsiyasının Çinin sürətli inkişafı ilə yavaş-yavaş yoxa çıxdığı onsuzda nəzərə çarpmaqda idi. Lakin indiki durumda iki əsas rəqibinin bir araya gəlməsinin ABŞ-ın durumunu daha da ağırlaşdıracağını güman etmək olar.
Belə olan halda, Rusiya və Çinə qarşı yeni sanksiyalar paketinin dünya ictimaiyyətinə daha tez açıqlanacağını söyləmək mümkündür.
Mövcud situasiya isə Dünyanın yeni Soyuq Müharibəni daha sərt keçirəcəyinin xəbərçisidir.
Murad Əhmədov, Bizim.Media