Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyanatın imzalanması gözlənilir.
Bizim.Media xatırladır ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün iki əsas şərt irəli sürmüşdü:
ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətin edilməsi;
Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi, yəni bu sənəddən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması.
İmzalanması gözlənilən Birgə Bəyanatda bu şərtlərin yerinə yetiriləcəyi rəsmən təsdiqlənəcək:
Azərbaycan və Ermənistan ATƏT-in Baş katibinə Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciət göndərəcəklər;
Həmçinin, sülh və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı razılaşmanın imzalanması və ratifikasiyası üçün növbəti addımların atılması zəruriliyi qəbul ediləcək.
Bu da o deməkdir ki, sülh sazişinin yekun imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi əsas şərt kimi tanınır.
Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsindən sonra dəfələrlə bəyan etmişdi ki, ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru keçid təmin olunmalıdır. Ermənistan tərəfi artıq bu tələbi qəbul edib.
Birgə Bəyanatda ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz hərəkətin təmin olunması da təsdiqlənəcək. Bu da Zəngəzur dəhlizi layihəsinin reallaşması anlamına gəlir.
Bizim.Media