Laçın şəhərinin “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistan Respublikasının paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin plana əsasən, Laçında şəhərində konfranslar, konsertlər, sərgilər, teatr və kino festivalları keçiriləcək, həmçinin müsabiqələr və media turları təşkil ediləcək.
Baş nazir eyni zamanda qeyd edib ki, cari ilin 28 sentyabr – 8 oktyabr tarixlərində Gəncə və Azərbaycanın digər şəhərlərində MDB ölkələrinin III idman oyunları keçiriləcək:
“Bu oyunlar 23 idman növünü əhatə edəcək. Artıq oyunların rəsmi internet saytı istifadəyə verilib və orada tədbirin hazırlıq prosesi, yarışların cədvəli və idman məkanları ilə bağlı məlumatlarla tanış olmaq mümkündür”.
Yeri gəlmişkən, MDB Oyunları çərçivəsində 1–5 oktyabr tarixlərində kamandan oxatma yarışları Xankəndi şəhər stadionunda baş tutacaq.
Xatırladaq ki, Əli Əsədovun çıxış etdiyi iclasda Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da iştirak edib. Baş nazir Nikol Paşinyan ümumiyyətlə MDB Hökumət Başçıları Şurasının son iclaslarında iştirak etmir və məhz həmin görüşlərə Mqer Qriqoryanı göndərir.
Bizim.Media