İki həftə sonra Azərbaycan nefti rəsmi olaraq Çexiyanın dövlət ehtiyatlarına daxil ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Çexiyanın milli təhlükəsizlik üzrə müşavir müavini Tomas Poyar “Bakı Enerji Forumu”nda çıxışı zamanı bildirib.
Tomas Poyar vurğulayıb ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq Çexiya üçün strateji əhəmiyyət daşıyır və bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də geosiyasi sabitlik baxımından xüsusi önəm kəsb edir.
“İki həftə ərzində Azərbaycan nefti rəsmi şəkildə Çexiya Respublikasının dövlət strateji ehtiyatlarına daxil ediləcək. Bu, bizim enerji təhlükəsizliyimiz və müstəqilliyimiz üçün çox mühüm addımdır,” – deyə o bildirib.
Poyar əlavə edib ki, Çexiya hazırda Azərbaycan neftinin ikinci ən böyük Avropa idxalçısıdır. Bu, iki ölkə arasında uzunmüddətli və etibarlı enerji tərəfdaşlığının göstəricisidir.
Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız neftlə məhdudlaşmır – Azərbaycan qazı da Çexiyanın enerji balansında vacib yer tutur:
“Azərbaycan qazı da bizim enerji təhlükəsizliyimizin əsas sütunlarından biridir. Biz alternativ mənbələrə əsaslanan və diversifikasiya olunmuş enerji siyasətimizi davam etdiririk və Azərbaycan bu strategiyanın mərkəzində dayanır.”
Tomas Poyar həmçinin qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan əsas oyunçulardan biri olaraq öz mövqeyini gücləndirməkdədir. O, bu əməkdaşlığın daha da genişlənəcəyinə və gələcək illərdə yaşıl enerji və hidrogen texnologiyaları sahəsində də Azərbaycanla yeni layihələrin mümkünlüyünə inandığını bildirib.
Bizim.Media