İsraildə 12 illik Benyamin Netanyahu iqtidarının sona çatmasından sonra, ölkəyə müxalif partiyaların təşkil etdiyi koalisiya hökuməti rəhbərlik etməyə başlayıb. İsrail üçün yeni dönəmin başlanğıcı hesab olunan bu dəyişiklikiyin ardından baş nazir radikal sağçı Yamina partiyasının lideri Naftali Bennet, onun xələfi isə Yeş Atid partiyasının rəhbəri Yair Lapid olub.
Ümumilikdə, anti-Netanyahu koalisiyasının Bennet-Lapid tandemindən ibarət olmadığını və özündə fərqli görüşlərə sahib 8 partiyanı birləşdirdiyini qeyd etməkdə fayda var. Bəzilərinin tamamilə əks ideologiyada olmasına baxmayaraq, bütün bu partiyaları birləşdirən tək məqsəd Benyamin Netanyahu iqtidarına son qoymaq olub.
MÖVZU İLƏ BAĞLI
Paşinyan TƏKLƏNİB: “Seçkidən sonra ordu işə qarışa bilər” - Fərhad Məmmədov
Qeyd edək ki, Naftali Bennetin 2023-cü ilə kimi hökumət başçısı olamsı, daha sonra isə onu Yair Lapidin əvəz etməsi nəzərdə tutulub. Bölgənin ən böyük güclərindən olan İsraildə yeni hökumətin qurulması özü ilə birlikdə yeni sualı ortaya çıxarıb.
İsrailin yeni hökuməti ölkə siyasətində hansı dəyişikliklərə səbəb olacaq?
Maraqlı məqam ondan ibarətdir ki, fərqli ölkələrdən olan mütəxəssislər bu sualın cavabında həmfikirdirlər: İsraildə radikal sağçıların iqtidara gəlməsi xarici siyasətdə ciddi dəyişikliklərə səbəb olmayacaq.
Əslində bu cür fikirlərin irəli sürülməsini anlamaq mümkündür. Çünki koalisiyanın məqsədi sadəcə hazırki iqtidarı devirməkdən ibarət olub. Habelə Netanyahunun hakimiyyəti dövründə ölkə daxilində də İsrailin xarici siyasəti ilə bağlı ciddi narazılıqlar nəzərə çarpayıb. Bu səbəbdən də yeni hökumətin digər ölkələrlə münasibətlərdə radikal dəyişikliklərə imza atacağı proqnozlaşdırılmır.
Azərbaycan-İsrail münasibətlərinin gələcəyi
Uzun illərdir sıx əməkdaşlıq çəçivəsində davam edən Azərbaycan-İsrail münasibətlərinin qarşıdakı illərdə də yüksələn xətlə davam edəcəyi gözlənilir. Xüsusilə Vətən savaşı dönəmində Azərbaycana dəstəyi ilə seçilən İsrailin, post-müharibə dönəmində də ölkəmizlə əlaqələri davam etdirdiyi müşahidə olunub. “Böyük Qayıdış” zamanı da İsrail şirkətlərinin quruculuq işlərində fəal şəkildə iştirak edəcəyi dəfələrlə bildirilib.
Əməkdaşlığın inkişaf etdiriləcəyini deməyə əsas verən digər bir fakt isə, Yamina partiyasının radikal sağçı idealogiyaya mənsub olmasıdır. Belə ki, ölkəmizdə xeyli sayda yəhudi icmasının nümayəndələrinin yaşadığını nəzərə alsaq, bu amilin gözardı edilərək Azərbaycana əks siyasətin yürüdülməsi heç də inandırıcı görünmür.
Ölkələr arasındakı ümumi həcmi milyardlarla dollar olan iqtisadi əlaqələri də gözardı etmək olmaz.
Təkcə İsrailin idxal etdiyi neftin 40%-nin Azərbaycandan alınması və ölkəmizdə 90 İsrail şikətinin fəaliyyət göstərməsi faktları iki ölkə arasında münasibətlərin davamlılığına şübhə yeri qoymur. Ölkələrarası hərbi əməkdaşlığın 44 günlük müharibə dövründəki faydaları haqqında isə əlavə şərhə ehtiyac yoxdur.
Bütün bu sadalananlar onu deməyə əsas verir ki, İsraildə hakimiyyət dəyişikliyinin Azərbaycan üçün mənfi nəticələr doğuracağı inandırıcı görünmür.
Murad Əhmədov, Bizim.Media