Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə Zati-alinizin müdrik rəhbərliyi altında davamlı tərəqqi və rifah arzulamaqdan məmnunluq duyuram.
Ölkənizin tarixində bu əlamətdar hadisənin qeyd olunması son illərdə ikitərəfli əməkdaşlığımızın inkişafında müşahidə olunan müsbət dinamikadan məmnunluğumu ifadə etmək üçün gözəl fürsət yaradır.
Əməkdaşlığın bütün sahələrdə xalqlarımızın ortaq maraqlarına xidmət məqsədilə daha da dərinləşdirilməsi naminə Sizinlə birgə fəaliyyətimizi davam etdirməyə tam hazır olduğumu bir daha bəyan edirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 22:00
Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbriklərimi, tərəqqi və firavanlıq arzularımı yetirirəm.
Bu əlamətdar gündə nəinki möhkəm dostluq münasibətlərinə, həm də bir çox regional və qlobal məsələlərdə ortaq baxışa malik olan ölkələrimiz arasında əməkdaşlığın inkişafı və dərinləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinə sadiqliyimi bir daha bildirirəm.
Getdikcə mürəkkəb və qeyri-sabit olan qlobal mühitlə, beynəlxalq nizama ardıcıl təhdidlərlə üzləşdiyimiz bir vaxtda Portuqaliya və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edildiyi kimi, sülh, demokratiya, çoxtərəflilik, dialoq və insan hüquqlarına hörmət kimi ümumi dəyərlərimizin qətiyyətlə müdafiəsi və təşviqinə verdikləri önəmi vurğulayıram.
Cənab Prezident, Sizə bir daha təbriklərimi çatdırır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 21:12
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, əziz dost.
Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Çoxəsrlik dövlətçilik ənənəsini davam etdirən və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını qeyd edən bu əlamətdar tarix Azərbaycan xalqının müstəqilliyini, suverenliyini, sabit və firavan gələcək qurmaq əzmini simvolizə edir. Əminəm ki, Sizin rəhbərliyinizlə ölkəniz bundan sonra da inkişaf edəcək, həmçinin regionda və onun hüdudlarından kənarda sülhə və əməkdaşlığa töhfə verəcəkdir.
İnanıram ki, xalqlarımız arasında dostluq münasibətləri ümumi maraq doğuran bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verməklə ortaq mənafelərimizin inkişafına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram".
*** 20:39
Macarıstanın Prezidenti Tamaş Şuyok Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.
Mən şadam ki, son illər ölkələrimiz qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan geniş əməkdaşlığı inkişaf etdiriblər. Macarıstan üçün Azərbaycanla dostluq münasibətlərinin dərinləşməsi mühüm əhəmiyyət kəsb edir və bunun üçün genişlənmiş strateji tərəfdaşlığımız möhkəm təməl yaradır.
Sizi əmin edə bilərəm ki, Macarıstan siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirməyə sadiqdir.
Xahiş edirəm, dərin ehtiramımı qəbul edin".
*** 19:41
İsveçrə Konfederasiyasının Prezidenti Karin Keller-Sutter Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Sizə və həmvətənlərinizə təbriklərimi çatdırıram. Ölkənizə və onun vətəndaşlarına xoşbəxt və uğurlu gələcəklə bağlı ən xoş arzularımı ifadə edirəm.
Mən şadam ki, ölkələrimiz arasında çoxşaxəli əlaqələr davam edir. Əminəm ki, biz bu əlaqələri gələcək illərdə də inkişaf etdirəcəyik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 19:05
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə səmimi-qəlbdən təbriklərimi, Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana əsas üzv dövlət kimi verdiyi əhəmiyyəti bir daha təsdiqləyir, ölkənizin təşkilatın iqtisadi gündəliyinin təşviqinə əvəzsiz töhfələrini yüksək dəyərləndirirəm.
Bu kontekstdə, Sizin rəhbərliyinizlə Azərbaycanın ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, Sizin dəstəyinizlə Zirvə görüşü daha geniş regional inteqrasiya baxımından irəliyə doğru böyük bir addım olacaqdır.
Ortaq məqsədlərimizə nail olmaq üçün davamlı dəstəyinizə ümid edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bizim.Media