Yeni dünya müharibəsi, yenə ALMANİYA... – Bu ölkələrin ərazisi müharibə meydanına ÇEVRİLƏCƏK

Yeni dünya müharibəsi, yenə ALMANİYA... – Bu ölkələrin ərazisi müharibə meydanına ÇEVRİLƏCƏK

Hazırda oxunan: Yeni dünya müharibəsi, yenə ALMANİYA... – Bu ölkələrin ərazisi müharibə meydanına ÇEVRİLƏCƏK

251393

Ukrayna müharibəsinin əks sədası deyəsən artıq Baltik sahillərinə də çatmaqdadır. Belə ki, Almaniya öz qoşunlarını Baltik ölkələrində yerləşdirmək qərarına gəlib. Məlumata görə, 5 minə yaxın alman əsgəri Baltikyanı ölkələrdə mövqe tutacaq. Bununla paralel olaraq, Baltik dənizinə çıxışı olan ölkələr aktiv şəkildə hərbi təlimlərə başlayıblar. Bütün bunlar aydın məsələdir ki, Rusiya tərəfindən gözlənilən hücum təhlükəsilə əlaqədardır. Bu yaxınlarda hətta Rusiya təyyarələri Estoniyanın hava məkanını pozub.

Aprelin ortalarında isə Estoniya Rusiyanın "kölgə donanması"nın tankerini saxlayıb. Cibuti bayrağı altında üzən “Kiwala” tankeri Estoniya ərazi suları ilə Rusiyanın Ust-Luqa limanına doğru hərəkət edirmiş. Saxlanılan zaman məlum olub ki, gəmidə heç bir dövlətin bayrağı yoxdur və bu, üzməyi qanunsuz edib. Nu zaman gəmiyə yardım üçün Rusiya qırıcıları havaya qalxıb.

Bütün bunlar Avropa ilə Rusiya arasında gərginliyin artdığına işarədir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, Baltik dənizində mütləq hakim olmaq Kremlin strateji hədəflərindən biridir:

“İkinci Dünya Müharibəsindən sonra hərbi imkanlarının genişləndirilməsi məhdudiyyəti fonunda uzun illər hərbi sahədə inkişafdan geri qalan Almaniya Ukrayna məsələsinin meydana çıxması ilə bu istiqamətdə aktivləşir. 2014-cü ildən başlayaraq Almaniya hərbi istiqamətdə müəyyən addımlar atır. 2022-ci ildən sonra isə Almaniyanın hərbi imkanlarının genişləndirilməsi məsələsi daha da aktuallaşıb.

Digər tərəfdən, Trampın dövründə Amerika qoşunlarının Almaniyadan mərhələli şəkildə çıxarılması məsələsi gündəmə gəlib. Oradakı Amerika qoşunlarının bir hissəsi Baltik dənizi hövzəsinə köçürülməkdədir. Bu da dolayısı ilə artıq Almaniyanın qismən müstəqil hərbi birləşmələrə sahib olacağından xəbər verir. Almaniyanın hərbi cəhətdən güclənməsinin regiona hansı təhlükələr gətirdiyini də son bir əsrdə görmüşük”. 

Ekspert deyir ki, Almaniyanın hərbi cəhətdən aktivləşməsi ABŞ-ın icazəsi olmadan mümkün deyil:
 

“Baltik dənizi hövzəsində hərbi birləşmələrin aktivləşməsi, təlimlərin keçirilməsi də məhz Pentaqonun birbaşa təlimatı və iştirakı ilə keçirilir. Bu məsələdə düşmən tərəf olaraq Rusiyanın göstərilməsi də məntiqlidir. Düşünürəm ki, hücum edəcək tərəf kimi də Rusiya göstərilir.


Ümumiyyətlə, artıq bir neçə əsrdir Rusiya faktoru Avropa üçün böyük təhlükəyə çevrilib. Avropanın ittifaqda birləşməsi, ABŞ-la müttəfiq olması, NATO-nun genişlənməsi də məhz Rusiya faktoru ilə bağlıdır. Hesab edirəm ki, indi də olmasa, gələcəkdə Rusiya Baltik dənizində mütləq hakim olmaq uğrunda müəyyən addımlar atacaq. Bu Rusiyanın strateji hədəflərindən biridir.

Qərbi Avropa ilə öz arasında bufer dövlət yaratmaq, yəni Şərqi Avropanı öz nəzarətinə keçirmək Moskvanın qarşısında duran tapşırıqlardan biridir. Ukrayna məsələsinə yekun vurulmayacaqsa, qarşıdakı dövrdə bu ölkənin daha böyük ərazilərinin işğalı reallaşa bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO