İyulun 16-da Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının 15-ci iclası keçirilib.
Bizim.Media xəbər verir ki, komissiyanın iclasına Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyasının Federal Şurasının sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.
İclasda ikitərəfli parlamentlərarası əlaqələrin hazırki vəziyyəti ilə bağlı məmnunluq ifadə olunub, əlaqələrin inkişafı və genişləndirilməsi istiqamətində müxtəlif məsələlər müzakirə edilib. Eyni zamanda, ölkələrimizin bir çox beynəlxalq parlament təşkilatları, o cümlədən MDB, AŞPA, ATƏT PA və sair çərçivəsində sıx əməkdaşlığı qeyd olunub.
Rusiya və Azərbaycan prezidentlərinin arasında olan inam və etimad, iki ölkənin parlament münasibətlərinin ildən-ilə genişlənməsi, Rusiyanın aparıcı xarici ticarət tərəfdaşlarımızdan biri olması həm Rusiya, həm də Azərbaycan deputatlarının çıxışlarında xüsusilə vurğulanıb.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarının əhəmiyyətini, ikinci Qarabağ müharibəsində şanlı Qələbənin dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi, eləcə də Ordumuzun şücaəti və igidliyi nəticəsində əldə edildiyini qeyd edən Azərbaycan nümayəndə heyəti sözügedən bəyanatların imzalanmasında Rusiya Prezidenti Vladimir Putinin müstəsna rolunu önə çəkib, ölkəmizin hələ də qarşılaşdığı təhdidlərdən söz açıb, bölgədə faşizm və terrorçuluğa himayədarlıq siyasətindən əl çəkilməsinin zəruriliyini diqqətə çatdırıb.
Görüş zamanı ölkəmizdə rus dilinin geniş tədrisi və bu məsələyə ölkə rəhbərliyinin verdiyi dəstəyə görə Azərbaycan tərəfinə dərin minnətdarlıq ifadə olunub, iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlıqdan bəhs edilib.
Tədbirdə bəzi rusiyalı deputatların ölkəmizə münasibətdə əsassız və qərəzli mövqe tutması, Rusiya ilə sərhəddə yükdaşımalarla bağlı yaranan çətinliklər, Dağıstan Respublikası ərazisində Azərbaycan dilinin tədrisi və dərsliklərin latın qrafikası ilə dərc edilməsi məsələlərinə dair Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.
İclasın sonunda Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Şurasının arasında İş planı imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:06 / 17.06.2021
Moskvada azərbaycanlı deputatlar həmkarları ilə görüşdü
Hazırda oxunan: Moskvada azərbaycanlı deputatlar həmkarları ilə görüşdü
Hazırda oxunan: Moskvada azərbaycanlı deputatlar həmkarları ilə görüşdü
25106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.