Azərbaycan-Çin əməkdaşlığında YENİ DÖNƏM – Əsas hədəflər və PERSPEKTİVLƏR

Azərbaycan-Çin əməkdaşlığında YENİ DÖNƏM – Əsas hədəflər və PERSPEKTİVLƏR

Hazırda oxunan: Azərbaycan-Çin əməkdaşlığında YENİ DÖNƏM – Əsas hədəflər və PERSPEKTİVLƏR

245663

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib.

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Bundan əlavə, Prezident İlham Əliyev və Çinin lideri Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıblar.

Təbii ki, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açır.

Çinlə iqtisadi əlaqələrin inkişafı

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Vüqar Bayramov bildirib ki, Çinlə strateji tərəfdaşlıq Azərbaycana bütün sahələrdə yeni imkanlar açacaq:

“Bir tərəfdən, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Digər tərəfdən, Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İdxalımızın 17,7 faizi Çinin payına düşüb.

Vacib məqamlardan biri də Azərbaycanın regionun nəqliyyat habına çevrilməsidir. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb”.

Müsahibimiz əlavə edib ki, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi ilə bağlı işlər sürətlənib:

“Qərb-Şərq nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 miyon tondan 5 milyon tona çatdırılır.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geo-siyası və geo-iqtisadi mövqeyinin daha da güclənməsindən xəbər verir. Bu isə Azərbaycanın qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilməsi deməkdir”.

Əməkdaşlığın inkişafında mühüm addım

Millət vəkili Aydın Mirzəzadə isə Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Azərbaycan-Çin əməkdaşlığının bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub:

“Bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəzərə alaq ki, Azərbaycan Prezidenti Çinə dəfələrlə səfər edib. Bu səfərlərin hər birində iki ölkə arasında əməkdaşlığın dərinləşməsi və şaxələnməsi üçün mühüm qərarlar qəbul edilib. Məhz bunun nəticəsidir ki, Azərbaycanla Çin arasında bütün sahələrdə əməkdaşlıq qurulub.

Çin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycan investisiya qoyuluşunda maraqlıdır. Azərbaycan da Vahid Çin konsepsiyasını hər zaman dəstəkləyib, bu ölkə ilə əməkdaşlığa böyük önəm verib. Elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək”.

Gələcək əməkdaşlıqda əsas hədəflər

Müsahibimiz qeyd edib ki, Azərbaycan Prezidentinin budəfəki səfərinə hər iki tərəfdə çox ciddi hazırlıq işləri görülüb:

“Müvaviq komissiyaların işləməsi, sənədlərin hazırlanması onu göstərir ki, tərəflər münasibətlərin genişlənməsində maraqlıdırlar. Dünən “Yaşıl energetikanın inkişafı ilə bağlı” sənədlərin imzalanması onu göstərir ki, tərəflər qeyri-neft sektorunun inkişafında maraqlıdır. Bu gün isə strateji tərəfdaşlığa dair Birgə Bəyanatın imzalanması onu sübut etdi ki, tərəflər gələcək əməkdaşlıq istiqamətində böyük hədəflər müəyyən ediblər.

Bu Bəyanat gələcəkdə birgə əməkdaşlıq və beynəlxalq aləmdə gedən prosesləri birgə müzakirə etməyə və eyni mövqedən çıxış etməyə imkan verir. Nəzərə alaq ki, Çin BMT TŞ-nin 5 daimi üzvündən biridir. Azərbaycan da ərazi və əhali sayına görə kiçik olsa da, artıq beynəlxalq arenada böyük nüfuz qazanıb.

Üstəlik, Azərbaycanla viza rejiminin ləğvi həm də Azərbaycan xalqına olan etimadın təcəssümüdür. Bir sözlə, Azərbaycan-Çin münasibətlərində yeni və daha möhtəşəm bir səhifə açılır. Bu bütövlükdə Avrasiyanın siyasi-iqtisadi həyataına yeni rəng qatacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO