İlham Əliyevdən Roma Papasının vəfatı ilə bağlı BAŞSAĞLIĞI

İlham Əliyevdən Roma Papasının vəfatı ilə bağlı BAŞSAĞLIĞI

Hazırda oxunan: İlham Əliyevdən Roma Papasının vəfatı ilə bağlı BAŞSAĞLIĞI

245282

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskin ölümü ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrell Həzrətlərinə ünvanlanan məktubda bildirilib:

“Zati-həzrətləri,

Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası
Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.
 

Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi.


Roma Papası Fransisk bütün həyat və fəaliyyətini ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, dinlərarası və mədəniyyətlərarası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı.

Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdır.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olmuşdur.

Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır.

Bu ağır itkinin kədərini bölüşür, Sizə, Müqəddəs Taxt-Taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO