Atəşkəs məsələsinin gündəmdə olmasına baxmayaraq, Ukrayna cəbhəsində müharibə daha amansızlıqla davam edir. Ötən bazar günü Rusiyanın Sumı şəhərinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 32 nəfər həlak olub, 99 nəfər yaralanıb. Həlak olanlar arasında iki uşaq da var.
Özü də bu hücum, xristianlar üçün müqəddəs sayılan Palm bazar günü baş verib.
Sumıya edilən hücumla atəşkəsə olan ümidlər də azalıb.
Bu arada bir sıra Avropa ölkələri isə Rusiyanın hücumuna hazırlaşdıqlarını elan ediblər. Xüsusən də, Baltikyanı ölkələr, Polşa bu istiqamətdə həyəcan təbili çalıblar. Belə görünür, Rusiya Ukrayna ilə kifayətlənməyərək, başqa ölkələrə də hücum edəcək.
Belə olan halda görəsən, Rusiyanın növbəti qurban kim olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov öncə qeyd edir ki, Rusiya Trampın atəşkəs təklifini bir tərəfdən qəbul edir, digər tərəfdən isə müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışır:
“Ukrayna kifayət qədər ağır durumdadır. ABŞ-ın əvvəlki yardımları yoxdur. Rusiya da bu məqamdan istifadə edib, irəliləməyə çalışır. Onun hədəfi Sumı, Xarkov və Dnepr vilayətləridir. Belədə, Rusiya sülh danışıqlarında özü üçün əlverişli vəziyyətə nail olmaq istəyir. Tramp isə hələlik dözüm göstərir, çünki bu bir tərəfdən onun da maraqlarına xidmət edir. Çünki Ukrayna nə qədər ağır duruma düşsə, təbii sərvətlərlə bağlı təqdim olunan layihəni daha tez qəbul edəcək. Hələlik bu baş vermədiyindən Tramp Rusiyanın hərbi əməliyyatları davam etdirməsinə səbirli yanaşır”.
Ekspert qeyd edir ki, Zelenski ölkəsinin ağır durumda olduğunu hələ də anlamır:
“Başqa bir tərəfdən, Rusiya ilə münasibətləri pozub qısa müddətdə sülhə nail olmaq mümkün deyil. Zelenski isə ölkəsinin ağır durumda olduğunu hələ də anlamır, Avropadan köməyə ümid edir. Avropa isə Ukraynaya verilən silahların 25 faizini verir. Onun da 70 faizi Amerikadan aldıqları silahlardır. Belədə, ABŞ kənara çəkilsə, heç kim Ukraynaya kömək edə bilməyəcək.
Zelenski isə hələ də bunu anlamır. Bu səbəbdən də Tramp hərbi əməliyyatların davam etdirilməsinə imkan verir ki, Amerikanın şərtlərini qəbul etməsi üçün Zelenski nəhayət müəyyən reallıqları dərk etsin. Hərbi əməliyyatlar 1-2 ay ərzində davam edə bilər. Ukrayna yenə də müəyyən ərazilər itirəcək və ondan sonra sülhə getmək məcburiyyətində qalacaq”.
Növbəti hədəf də bəllidir...
Ukraynadan sonra Rusiyanın növbəti qurbanının kim olacağına gəldikdə isə, həmsöhbətimiz Moskvanın NATO ölkələrinə hücum edəcəyini istisna edir:
“Bu mümkün deyil. Həm də ona görə ki, Rusiya indiki halda çox zəifdir. Digər tərəfdən, bu daha böyük müharibəyə, beynəlxalq münasibətlərin daha da kəskinləşməsinə səbəb ola bilər. Amma Rusiyanın yaxın ətrafının Kremlin növbəti qurbanına çevrilməsi ehtimalı isə istisna deyil. Bu xüsusda Ukraynadan sonra əsas zərbəni yəqin ki, Moldova alacaq. Burada rusiyapərəstlərin ayağa qalxması və Moskvanın onlara dəstək verməsi fikrimcə, oradakı zəif qərbpərəst hakimiyyəti devirməyə kifayət edəcək”.
Rüfət Sultan, Bizim.Media