“Prezident Bayden və Ərdoğanın 14 iyun görüşü çox mühüm ola bilər. Onlar bir-birlərini çox yaxşı tanıyırlar. Hələ Bayden prezident olmadan əvvəl onların münasibətləri yaxşı olub. Lakin Bayden prezident seçildikdən sonra ABŞ və Türkiyə münasibətləri çətinləşdi”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 14-də Brüsseldə görüşünü şərh edərkən deyib.
O, bildirib ki, bu görüşdə ən gözəl addım hər iki prezidentin arasında etibarlılığın və dialoqun əsasının qoyması olacaq.
MÖVZU İLƏ BAĞLI:
Metyu Brayza: “Jurnalistlərin ölüm xəbərindən təəssüfləndim”
“Ərdoğan bildirib ki, o, bu görüşdən ABŞ-Türkiyə münasibətlərinin yeni mərhələsi üçün istifadə etməyə hazırdır. Ərdoğan Baydenin bunun qarşılığında ABŞ-Türkiyə münasibətləri gündəmində olan ən mühüm məsələlərin həlli üçün addım atacağını gözləyir. Lakin, bəzi məsələlərin belə tezliklə həll olunması mümkünsüzdür. Danışıqları pozacaq əsas iki məsələ var.
Birincisi, Türkiyənin Rusiyadan S-400 hava hücumuna qarşı raket kompleksinin almasıdır. İkinci məsələ isə ABŞ-ın PKK/YPG- kürd terrorçu qrupu ilə əməkdaşlığıdır. Mən ümid edirəm ki, bu iki məsələni kənara qoyaraq, prezidentlər Aralıq səddindəki məsələləri, yəni neft və qaz istismarını müzakirəsinə fikirlərini yönəldə bilərlər”.
Metyu Brayza Türkiyənin irəli gedərək, ABŞ və Avropa Birliyi ilə əməkdaşlıq etmək üçün bir sıra addımlar atacağına inandığını da vurğulayıb. Söhbət əsnasında o, danışıqlarda ola biləcək bəzi müzakirə predmetlərindən də danışıb.
“Mən düşünürəm ki, müzakirələrdə digər məsələ Türkiyənin Azərbaycanda olan sülhməramlıları olacaq, hansılar ki, rus sülhməramlılarına maneə və ya balans yarada bilir. Başqa bir müzakirə isə Ukrayna məsələsi ətrafında olaması ehtimal olunur. Çünki Türkiyə üçün Ukrayna böyük strateji əhəmiyyət kəsb edir, orada Krım tatarları yaşayır.
Qeyd edim ki, Bayden üçün də Ukrayna böyük əhəmiyyət kəsb edir, çünki onun orada Rusiyaya qarşı olan maraqları var.
Mən düşünürəm ki, hər iki prezident danışıqlar zamanı əsas bu məsələlərə fokslanıb, bu vəziyyəti müzakirə edib bir fikrə gəlməlidirlər. Əgər bu məsələlər daha uğurlu şəkildə həll olunarsa, danışıqlardan uğurlu nəticə gözləmək olar”.
Vüsalə Balayeva, Bizim.Media