İyun 4-də Kəlbəcər rayonun Suzuzluq kəndi ərazisində ermənilərin basdırdığı minalardan həlak olan Azərbaycanlı jurnalistlər haqda dünya mediası və ictimaiyyəti kədər dolu fikirlərini paylaşmaqda davam edir. Bir çox beynəlxalq təşkilatlar məsələyə qətiyyətli münasibət bildirməsə də, hadisə ətrafında kəskin bəyanatlarla çıxış edən siyasi qüvvələr də yox deyil. Onların sırasında Ukraynanın Avropa Partiyasının sədri Nikolay Katerinçuq da var.
Partiya sədri Bizim.Media-ya müsahibəsində bildirib ki, Azərbaycanlı jurnalistlərin minaya düşməsi nəticəsində həlak olması Ukrayna ictimaiyyətini də sarsıdıb və ermənilərin bu hərəkəti heç bir hüquq və qaydalara sığmır.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna Avropa Partiyasının sədri: "Azərbaycan öz məqsədinə çatdı"
Ukrayna Avropa Partiyasının sədri, politoloq Nikaolay Katerinçukla müsahibəni təqdim edirik:
- Nikolay Dmitreviç, iyunun 4-də Azərbaycanın erməni işğalından azad olunmuş Kəlbəcər rayonunda iki jurnalist erməni ordusu tərəfindən basdırılmış minaların partlaması nəticəsində həyatlarını itirdilər. Bu hadisəyə bir siyasi partiya rəhbəri kimi necə qiymət verirsiniz?
- İlk olaraq mən həlak olan jurnalistlərin ailəsi və doğmalarına dərin hüznlə başsağlığı verirəm. Günahsız insanların ölümü hər zaman çox ağır qarşılanır. Jurnalistlərin öz vəzifə borclarını yerinə yetirərkən minaya düşüb həlak olmaları yolverilməzdir. Dünya ictimaiyyəti Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləməli, etiraz səslərini ucaltmalıdır. Bu, dinc insanların həyatına qəsd olmaqla yanaşı, azad sözə, jurnalistlərin fəaliyyətinə qarşı yönəlmiş açıq-aşkar terror aktıdır. Ümid edirəm ki, beynəlxalq təşkilatlar da buna biganə qalmayacaqlar.
- Beynəlxalq təşkilatlar demişkən, jurnalistlərin fəaliyyət hüququ beynəlxalq səviyyədə tanınmış və qorunan bir məsələdir. Azərbaycanlı jurnalistlərin minadan həlak olduğu bir vaxtda yenə ikili standartlarla üzləşdik. Ermənistan tərəfinin ən kiçik iddialarına belə susmayan beynəlxalq təşkilatlar jurnalistlərimizin həlak olmasına münasibət bildirmədilər, susmağa üstünlük verdilər. Sizcə hadisələrin bu cür cərəyan etməsi nəylə bağlıdır?
- Hadisələrin bu forma almasında düşünürəm ki, erməni təbliğatı böyük rol oynayır. Onlar dünyaya özlərini hər zaman haqlı, münaqişlərdən əziyyət çəkən xalq kimi göstərərək, fərqli imic formalaşdıra biliblər. Onlar məsələləri olduğu kimi deyil istədikləri kimi şərh ediblər. Düzdür, onlar keçmiş dövr üçün öz yalanları ilə bəzi üstünlüklərə nail olsalar da, hazırda gerçəklik başqadır. Ermənilərin bir çox məslələrdə saxtakarlığı üzə çıxıb. Məncə dünya həqiqəti artıq yaxşı bilir, həllini tapmış Qarabağ münaqişəsində yalnız erməni lobbiçiliyinin təsiri altında olan qurumlar susa bilər. Onlar bitərəf mövqe nümayiş etdirməklə, haqlı olan tərəfi dəstəkləmirlər. İstənilən beynəlxaql təşkilat gec-tez faktın qarşısında aciz qalacaq və öz münasibıtini ortaya qoyacaq. Əks-tqədirdə dünyada inanmağa bir şey qalmaz ki. Azərbaycan da öz haqq-hüquq davasında israrlı olmalıdır.
- Erməni səhra komandirlərinin birinin etirafında qeyd olunur ki, onlar təkcə iki rayonda 17 yük maşını mina basdırıblar. Bilirsiniz ki, müharibənin bitməsindən 7 ay keçməsinə baxmayaraq Ermənistan tərəfi hələ də mina xəritələrini verməkdən imtina edir. Bu da xeyli sayda insan həyatının təhlükə altında qalması deməkdir. Sizin bu məsələyə münasibətiniz necədir?
- Ermənistan mina xəritələrini Azərbaycana təcili təhvil verməlidir. Əks halda bu cür hallar tez tez təkrarlanacaq və günahsız insanlar həlak olacaq. Bəzi səlahiyyətli beynəlxalq təşkilatlar buna qarşı ciddi tədbirlər görüb, ermənilərdən mina xəritələri gecikmədən Azərbaycana təhvil verilməsini tələb etməlidirlər. Ermənilərin bu hərəkəti isə bütün dünya ictimaiyyəti tərəfindən qınanmalıdır. Mən bütün dünyanı, beynəlxalq təşkilatları ermənilərdən bu xəritələrin Azərbaycana təhvil verilməsini tələb etməyə çağırıram.
- Vaxt ayırdığınız üçün təşəkkür edirəm.
Vüsalə Balayeva, Bizim.Media