Fərhad Məmmədov: “Sülhməramlıların tərkibində Türkiyədən olan hərbçilər də təmsil olunacaq” 

Fərhad Məmmədov: “Sülhməramlıların tərkibində Türkiyədən olan hərbçilər də təmsil olunacaq” 

Hazırda oxunan: Fərhad Məmmədov: “Sülhməramlıların tərkibində Türkiyədən olan hərbçilər də təmsil olunacaq” 

2390

Klassik sual olan “nə hərb, nə sülh” ritorikasına da yer qalmadı. Böyük Zəfərin ilk gününü yaşasaq da , cəmiyyətimiz üçün açıq qalan suallara politoloq Fərhad Məmmədovla soyuq başla aydınlıq gətirməyə çalışdıq.

- Fərhad müəllim, dünən gecə baş verən bu böyük hadisəni necə şərh edərdiniz? Azərbaycan hansı üstünlüklərlə növbəti mərhələyə addımlayır?

- Birincisi, onu demək istəyirəm ki, artıq Ermənistan rəhbərliyi qəbul etdi ki, Azərbaycan Ordusu qalib gəlib.

Həmçinin bəyanat verdilər ki, döyüşlər eyni sürətlə davam etsəydi, bir neçə gün ərzində hər şeyi itirmiş olardıq. Gələcək addımlara baxanda Azərbaycanın danışıqlarda tam üstün olacağını indidən demək olar.Siyasi olaraq Dağlıq Qarabağ məfhumu yoxdur bura Azərbaycanın rayonları konteksindən baxmaq gərəkdi.

1991-ci ilə Dağlıq Qarabağ muxtar vilayəti ləğv edilib və onun yerində 4 rayon yaradılıb.

Sözügedən rayonların hərəsinin bir hissəsi artıq Azərbaycan Ordusunun nəzarətindədir. 

İkincisi, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılır.

Bu da o anlama gəlir ki, sülhməramlılar iki ordu arasında deyil, Azərbaycan ərazisində erməni əhalisinin olduğu nöqtələrdə və Laçın dəhlizində yerləşdiriləcək. Bəyanatda nə əks olunmalıydısa, bütün müddəalar var. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib və öz sərhədlərinə nəzarət edəcək.

Gələcək danışıqlar ancaq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və ərazi iddialarının olmamasını rəsmiləşdirmək  istiqamətində gedəcək. 

Növbəti müqavilə imzalanacaqsa, Azərbaycan hansı müddəaları ora daxil edəcək, dövlətimizin bu müqavilədə olmazsa olmazı nə olmalıdır?

- Düşünürəm ki, ən yaxın gələcəkdə ilk olaraq hazırkı razılaşmalar həyata keçirilməlidir və bir ay ərzində Azərbaycanın bütün rayonlarından erməni silahlı qüvvələri çıxarılmalıdır. İkinci mərhələdə, artıq müəyyən dövrdən söhbət gedir, sülhməramlıların burada yerləşdirilməsi beş il ərzində, beş mərhələdə  nəzərdə tutulub.

Bu mərhələdə isə Ermənistanla diplomatik münasibətlər qurulmalıdır. Sonrakı mərhələdə ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsi əks olunacaq. Bu da uzunmüddətli sülhə şərait yaradacaq. Eyni zamanda erməni əsillilər Azərbaycan ərazisində yaşayırlarsa, onlar Azərbaycan vətəndaşlığını qəbul etməli, konstitusiya və qanunları rəhbər tutmalıdılar.

Onların statusu bu gün qeyri müəyyəndir, guya qondarma “DQR” vətəndaşları idilər, amma oranı heç kim tanımırdı.

Hamısının Ermənistan pasportu vardı.

İndi o insanlar heç Ermənistanda da qaçqın kimi yardım almaq üçün qeydiyyatdan keçə bilməzlər. Çünki onlar faktiki öz dövlətlərinin ərazisindədir. Digər tərəfdən heç məcburi köçkün də sayıla bilməz, çünki məcburi köçkün vətəndaşı olduğu dövlətin ərazisindən digər hissəsinə köçürülmüş insandır.  

Hadisələrin fonunda Ermənistanda nə baş verir? Hakimiyyət dəyişikliyi qaçılmaz olacaqmı? Yaxud bu razılaşmanın müqabilində Paşiniyan rejimi hakimiyyətdə qalmaq üçün Rusiyadan qarant ala bilibdirmi?

- Ermənistan parlament respublikasıdır və bilirsiniz ki, dövlət başçısı baş nazirdir.

Paşinyanın partiyası da parlamentin mütləq əksəriyyətinə sahibdir. Bu hadisələr onun partiyasının parçalanmasına gətirib çıxara bilər və parlament bu razılaşmanı qəbul etməyə bilər. Ancaq biz görürük ki, razılaşmanın əsas iştirakçısı Rusiyadır.

Rusiya da hərbçilər və ya ona yaxın olan siyasi qüvvələr vasitəsilə çalışacaq ki, ən azı yaxın gələcəkdə hakimiyyət dəyişikliyi olmasın.

Ermənistanda növbəti seçkilər üç ildən sonra keçiriləcək.

Bu gün Ermənistanda hakimiyyətin leqal dəyişilməsi üçün heç bir ehtimal yoxdur. Amma Ermənistanın siyasi tarixində terror aktlarının ənənə olduğu üçün (1999-cu ildə parlamentdə baş verən terrorda müdafiə naziri və spiker öldürülmüşdü) bu baş verə bilər.

Digər tərəfdən də, müharibə dövründə silahı kimə gəldi paylayıblar və silahlı birləşmələr də təhlükə yarada bilər. Fikrimcə, yaxın zamanlarda Paşinyan hakimiyyətdən getməyəcək, amma hakimiyyət strukturunda hərbçilərin rolu və mövqeyi möhkəmlənəcək.

- Əgər çevriliş olarsa, yeni hakimiyyət Paşiniyanın imzaladığı razılaşmanın şərtlərinə əməl edəcəkmi və ya onun bu şərtlərdən imtina etmək üçün siyasi imkanları varmı? 

- Şərtlərdən imtina imkanının olduğunu düşünmürəm.

Çünki sözügedən bəyanatda Rusiya prezidenti Putinin də imzası var. Rusiya anlayır ki, bu münaqişədə onun məhz indiki rolu həm Ermənistanda, həm də Azərbaycanda müsbət qarşılanıb.

Bunun həyata keçirilməsi Rusiyanın gələcəkdə Cənubi Qafqazda hansı rolda qalmasını şərtləndirir.

Paşinyan istəsə də, istəməsə də və ya ermənilərin hansısa siyasi qüvvəsi əngəl törətməyə belə çalışsa, bunun qarşısını ilk Rusiya alacaq. Sülhməramlıların tərkibi, sayı, silahları da məlumdur və Rusiyanın hərbi bazasının yaradılmasından söhbət gedə bilməz.

Onlar müvəqqəti polis funksiyasını daşıyan sülhməramlılardır. Eyni zamanda sülhməramlı strukturu yaradılaçaq ki, orada Türkiyə sülhməramlıları da olacaq. Ermənistan bu razılaşmadan qaçmaması üçün Azərbaycan tam olaraq sığortalanıb.

- Türkiyənin adını çəkdiniz, qardaş ölkə proseslərdə hası formada iştirak edəcək, bu məsələni ictimaiyyət üçün açıqlayardınız. Çünki son iki sual Qələbə eyforiyasında olsa da cəmiyyəti bu an narahat edir.

- Bu məsələ ilə bağlı Prezident İlham Əliyev bildirib ki, sülhməramlıların rəhbərliyndə xüsusi struktur yaradılacaq və həmin strukturda da Türkiyə hərbçiləri iştirak edəcək.

Yəni Rusiyanın bu prosedə monopoliyası yoxdur.

Ermənilərin yaşadığı yerlərin, Laçın koridorunun mühafizəsi Rusiya sülhməramlılarına həvalə olunub, çünki ermənilər onlara etibar edir. Amma ümumi rəhbərlik və nəzarət Türkiyə və Rusiya tərəfindən həyata keçiriləcək. Bu da Azərbaycanın marağındadır.

Əsas odur ki, biz ərazi bütövlüyümüzü bərpa etmişik.

- İmzalanmış məlum razılaşmada Xankəndi haqqında heç bir söhbət yoxdur, bunu necə izah edərdiniz?

- Xankəndi, Xocalı, Ağdərə, bunlar hamısı Azərbaycanın inzibati bölgələrinin bir hissəsidir.

Bu da gələcək danışıqlarda məlum olacaq, o Azərbaycan Respublikasının ərazisidir, sözügedən razılaşmada bunu şübhə altına qoyan hər hansı müddəa yoxdur.

Cənab Prezident xüsusi vurğuladı ki, razılaşmada status haqqında fikir yoxdur, bunun nəinki qeyri-müəyyən heç mümkün olması da görsənmir.

Tezliklə öz dədə-baba torpaqlarından didərgin düşən azərbaycanlı bacı və qardaşlarımız da dogma yurd yerlərinə dönəcəklər.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO