Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda İran Dini lideri Xameneiyə məktub ünvanlayıb. Məktubda o, nüvə və uranın zənginləşdirilməsilə bağlı İranla danışıqlar aparmağa hazır olduğunu bəyan edirdi. Lakin İran tərəfi Trampın danışıqlar təklifini qəbul etməyib. İran rəsmiləri bunu Amerikanın bu danışıqlarda öz maraqlarını güdməsilə əlaqələdirib.
Trampın bu məktubundan sonra İranda daxili gərginlik də artmağa başlayıb. Belə ki, İsfahan şəhərində fermerlər su kvotasından istifadə edə bilmədikləri üçün kütləvi etiraz aksiyası keçiriblər. Onlar traktorlarını yollara çıxararaq hökumətin bu məsələyə laqeyd münasibətini pisləyiblər.
İranı nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov Trampın sözügedən müraciətinin müsbət nəticələnəcəyini və ABŞ-la İran arasında müəyyən razılaşmaların əldə ediləcəyini düşünür:
“Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın xarici siyasətində konfliktlərlə dolu siyasət deyil, anlaşma və kompromisə meylli siyasət əsas strategiya kimi qəbul edilib. Nəzərə almaq lazımdır ki, ABŞ-la İran arasında son 15 ildə ən yaxın sövdələşmə, danışıqların üst nöqtəyə çatdığı dövr məhz Trampın birinci prezidentliyi dövründə olub. Respublikaçıların hakimiyyəti dövründə demokratlardan fərqli olaraq, Amerika ilə İranın danışıqlar limiti heç zaman tükənməyib”.
“Gizli sövdələşmə mümkündür”
Bu kontekstdə ekspertin fikrincə, Tramp adminstrasiyasının nüvə danışıqları ilə bağlı İranın ali dini rəhbərliyinə göndərdiyi məktub onu söyləməyə əsas verir ki, ən yaxın zamanlarda Vaşinqtonla Tehran arasında müxtəlif mövzularda, əsasən də nüvə məsələsində danışıqlar prosesi bərpa olunacaq:
“Əlbəttə ki, burada açıq və gizli sövdələşmələr mümkündür. Amma hesab edirəm ki, Trampın birinci prezidentliyi dövründə Amerika ilə İran publik şəkildə hansısa bir bəyanata imza atmasalar da, ən azından ortada Tehranın uranı zənginləşdirməklə bağlı siyasətində Vaşinqtonu narahat edən məqamlarla əlaqədar anlaşma mövcud idi”.
Həmsöhbətimiz bildirib ki, Trampın məktubla İran rəhbərliyinə müraciət etməsi bundan sonrakı dövrdə nüvə danışıqları məsələsində tərəflər arasında dərin ixtilaflara səbəb olan bəzi məsələlərdə anlaşmaların əldə edilə biləcəyini söyləməyə əsas verir:
“Hər bir halda Trampın müraciətinin müsbət nəticələnəcəyini və ABŞ-la İran arasında müəyyən razılaşmaların əldə ediləcəyini düşünürəm”.
Rüfət Sultan, Bizim.Media