Misir Mərdanov: “22 il Baş nazir işləyib, nə şadlıq evi, nə restoranı olub…” – FOTO

Misir Mərdanov: “22 il Baş nazir işləyib, nə şadlıq evi, nə restoranı olub…” – FOTO

Hazırda oxunan: Misir Mərdanov: “22 il Baş nazir işləyib, nə şadlıq evi, nə restoranı olub…” – FOTO

236693

Keçmiş təhsil naziri Misir Mərdanov bu gün 90 yaşını qeyd edən sabiq baş nazir Artur Rasi-zadə ilə bağlı xatirələrində bölüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə M.Mərdanov “Facebook” hesabında paylaşım edib.

Rasi-zadəni gözütox şəxsiyyət kimi xarakterizə edən sabiq nazir onu Azərbaycanda ləyaqət və abır simvolu hesab etdiyini bildirib:

“Çox rəngarəng və zəngin hadisələrlə dolu həyatımda unuda bilmədiyim insanlar kifayət qədərdir. Bu siyahıda təmkininə, zəkasına, müdrikliyinə, alicənablığına görə yaddaşımda dərin iz buraxmış və ən ön sıralarda yer tutan bir şəxsiyyət var- Artur Rasizadə!

22 il Baş nazir kimi ən yüksək səviyyələrdə Azərbaycanı və xalqımızı dünyaya ləyaqətlə təqdim və təmsil edən Artur müəllim həm də əsl köhnə kişilərə xas nəcib keyfiyyətləri özündə yaşadan bir insandır. Bu insan gözü-könlü tox, yaxşılıqları hiss olunmadan etməyi bacaran, bir dəfə də səsini qaldırmayan, ancaq bütün işləri vaxtında, səliqəli və vicdanla edən və etdirməyi bacaran, unikal yaddaşlı, çevik analitik təfəkkürlü, güvənməli, etibarlı bir şəxsiyyətdir.

Gözü-könlü tox, Azərbaycanda ləyaqət və abır simvolu hesab edilə biləcək Artur Rasizadə bütün təriflərdən, təltiflərdən yüksəkdə dayanmağı bacaran bir insandır, bir çox həmkarlarından fərqli olaraq ona ad günündə belə hədiyyə vermək mümkün deyildi. Yaxşı xatırlayıram, 2005-ci ildə 70 illik yubileyində bir dəstə qızılgülü böyük çətinliklə ona təqdim edə bildim.
 

Artur Rasizadə bütün digər məziyyətləri ilə yanaşı həm də dostluqda, yoldaşlıqda çox etibarlı, sədaqətli insandır.


Belə insandır, hələ 36 yaşında -1971-ci ildə SSRİ Dövlət mükafatı kimi o dövrün ən yüksək fəxri adının, müstəqil Azərbaycanın “Heydər Əliyev”, “İstiqlal”, “Şərəf”, “Şöhrət”, “Xalqlar dostluğu”, "Vətənə xidmətə görə" birinci dərəcəli ordenlərin laureatı olan, 22 il Baş nazir işləyən, nə şadlıq evi, nə restoranı, nə bir başqa obyekti-filanı olmayan, sadə və təvazökar həyat yaşayan Artur Rasizadə!

Bu gün onun 90 yaşı tamam olur. Canlı tarix, dərin zəkalı şəxsiyyət, humanist insan, böyük ürək sahibi, əsl vətəndaş və unikal ziyalı olan Artur Rasizadəni bu yubileyi münasibətilə təbrik edirəm. Şərəfli bir ömrün növbəti zirvəsində dayanan bu fenomenal şəxsiyyətə cansağlığı və yeni yubileylər arzulayıram”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO