Rusiya və ABŞ nümayəndələri Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün bir neçə dəfə İsveçrədə gizli görüş keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan mənbələrinə istinadən məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ər-Riyad görüşü başa çatdı: ABŞ-Rusiya bu məsələlərdə RAZILAŞDI
Agentliyin mənbələrindən verilən məlumata görə, görüşlərin çoxu ötən aylarda, biri isə keçən həftə baş tutub.
“Bəzi təmaslar prezident Donald Trampın 5 noyabr 2024-cü il seçkilərində qalib gəlməsindən sonra keçid dövründə baş verib. Bu danışıqların iştirakçıları diplomatik və təhlükəsizlik təcrübəsinə malik olsalar da, onlar dövlət rəsmiləri deyillər və onların hökumətləri tərəfindən göndərilib-göndərilmədiyi sual altındadır”.
Nəşrin mənbələri danışıqlarıda iştirak edənlərin adlarını çəkməkdən imtina ediblər. Lakin onlar qeyd ediblər ki, Trampın müşavirləri həmin görüşlərdən xəbərdardır:
“Bir çox başqa təfərrüatlar, o cümlədən görüşlərin gündəliyi, onların nə vaxt başladığı və ukraynalıların iştirak edib-etməməsi hələ də qeyri-müəyyən olaraq qalır. Lakin görüşlər Trampın sələfi, keçmiş prezident Co Baydenin dövründə baş tutub. Bu, rəsmi təmasların demək olar ki, dondurulmasına baxmayaraq, ABŞ və Rusiyanın Ukraynada müharibəyə son qoymaq yollarını tapmaq üçün pərdəarxası səyləri davam etdirdiklərini göstərir”.
Agentliyin mənbələrindən biri İsveçrədəki danışıqları “track two”, yəni konkret təkliflər hazırlamaqdansa, ünsiyyəti yaxşılaşdırmaq və fikir mübadiləsi aparmaq məqsədi daşıyan qeyri-rəsmi dialoq kimi qiymətləndirib.
Sözügedən məlumatlarla bağlı Ağ Evin Milli Təhlükəsizlik Şurası, Ukrayna hökuməti və Rusiya Xarici İşlər Nazirliyi açıqlama verməkdən imtina ediblər.
Bizim.Media