İranda seçkilər: “Yeni prezident heç nəyi dəyişməyəcək” – Tofiq Abbasovdan ŞƏRH

İranda seçkilər: “Yeni prezident heç nəyi dəyişməyəcək” – Tofiq Abbasovdan ŞƏRH

Hazırda oxunan: İranda seçkilər: “Yeni prezident heç nəyi dəyişməyəcək” – Tofiq Abbasovdan ŞƏRH

23417

“İranda uzun müddətdir liberallarla mühafizəkarların qarşıdurması gedir. Ancaq islahatçıların hakimiyyətindən sonra gözlənilən budur ki, onları mühafizəkarlar əvəzləyəcək. Hazırda daha çox səslənən məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisinin adıdır. O, praqmatik düşüncəyə malik adam sayılır”.

Bizim.Media-ya bu sözləri açıqlayan politoloq Tofiq Abbasov adı çəkilən namizədin həm də sərt baxışları ilə seçildiyini bildirdi.
 

MÖVZU İLƏ BAĞLI:

İranda seçkilər: Prezidentlik yarışının əsas favoritləri kimlərdir?


Amma Mahmud Əhmədinejadın da dövrü yadımızdadır:

“O, bir növ sərt xəttin daşıyıcısı idi. Qərblə, Avropa ilə qarşıdurmada dərinə gedəndə, sərt mövqe tutan Əhmədinejadı cilovlamaq mexanizmləri işə düşürdü. Yəni, onu bir qədər normal və sağlam məcraya qaytarırdılar. Onun dövründə İranın beynəlxalq aləmlə daha çox problemləri oldu.

Tehranda indi anlayırlar ki, qırmızı xətləri keçmək olmaz. İnanmıram ki, hakimiyyətə gələcək yeni hökümət İranın siyasətində 180 dərəcə dönüş həyata keçirtsin. Yeni kabinet də anlayacaq ki, 8 il ərzində Ruhani və Cavad Zərif siyasətinin əldə etdiyi nəticələri birdən-birə itirməyə dəyməz”.

İranda seçiləcək yeni hökumətin də ABŞ ilə münasibətləri korlamayacağını qeyd edən politoloq Baydenin Tehran üzərindən sanksiyaları götürmək, yumşaltmaq planını da örnək gətirdi. O ki qaldı İranda seçiləcək yeni hakimiyyətin Azərbaycanla bağlı siyasətinə...

“Cavad Zərifin Bakıya səfəri zamanı da səsləndirdiyi fikirlər və nikbin baxışları ikitərəfli əməkdaşlıq, qonşuluq siyasətinə meyilli olmalarının nəticəsidir. Son illər ərzində İranla mal dövriyyəsində artıma nail olmuşuq. Digər tərəfdən, soyuq münasibətlərdən əsər-əlamət qalmayıb.


Faktiki olaraq elə bir layihələr var ki, Şimal-Cənub kommunikasiya xətti, Xəzər dənizinin imkanlarından istifadə, uzaq şərqlə Avropanın birləşməsində yerləşən bizim ərazilərimizdən keçən kommunikasiya xətlərinin normal istifadəsi həm bizə, həm də İrana böyük mənfəət vəd edir. Bu baxımdan elə başa düşürəm ki, İrandakı seçkilərdən sonra Bakı-Tehran dialoqunda elə bir dəyişiklik olmayacaq”. 

Politoloq bildirib ki, hazırda İran Azərbaycanın mövqeyini həm qəbul edir, həm də anlayır.

Bununla yanaşı, bizim Qarabağla bağlı, ərazi bütövlüyümüzün bərpası ilə əlaqədar əldə etdiyimiz böyük nəticə İranın da xeyrinədir:

“Çünki sərhədyanı bölgələrdə iki su elektrik enerjisi qovşağı tikilir. Onlaradan sərhədboyu ərazidə yaşayan insanlarımız fayda görəcəklər, çünki bu bölgələr böyük aqrosənaye potensialına malikdir”. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO