Rusiyada olan bütün Azərbaycan vətəndaşlarının qovulması, Rusiya vətəndaşı olan azərbaycanlıların isə həbs edilib, "Novaya Zemlya"ya göndərilməsi təklif olunub.
Belə bir təkliflə hər zaman nifrət dolu açıqlamaları ilə tanınan ictimai fəal Sergey Mantsayev çıxış edib. O, Bakıda "Rus Evi"nin bağlanmasına cavab olaraq bütün Azərbaycan vətəndaşlarının deportasiyasını təklif edib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Hər an deportasiya...
“Birincisi, Rusiya vətəndaşı olmayan bütün azərbaycanlıları ölkədən çıxarmaq lazımdır. İkincisi, bütün diaspor üzvləri həbs olunmalı və "Novaya Zemlya"ya göndərilməlidir. Üçüncüsü isə, biz Azərbaycan hakimiyyəti ilə daha möhkəm işləməliyik”,-deyə o bildirib.
Məlum olduğu kimi, Rusiyada çox sayda azərbaycanlı yaşayır. Bu cür nifrət çağırışının edilməsi ciddi narahatlıq doğurmaya bilməz.
Soydaşlarımıza qarşı hansısa təhlükəli addımlar atıla bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Rusiyada azərbaycanlılara qarşı təhdid xarakterli açıqlamaların gündəmə gətirilməsi fonunda qarşıdakı dövrdə bu ölkədə soydaşlarımıza münasibətdə təqib-təhdid xarakterli addımların baş qaldıracağını da gözləmək olar:
“Yaranmış vəziyyətdə Rusiyada yaşayan soydaşlarımıza münasibətdə bu ölkənin ayrı-ayrı qüvvələri tərəfindən hər cürə təqib-təhdid gözləmək olar. Belə yanaşma rus xislətindən irəli gəlir. Bu qüvvələr insanların olduğu təyyarəni vurur, vətəndaşlara qarşı qəddar hərəkətlərə yol verir, uşaq-qadın bilmədən öldürürlər. Onlar bu dəfə də öz xislətlərinə uyğun olaraq heç nədən çəkinməyəcəklər. Rusiyada yaşayan soydaşlarımız özlərini qorumalı, ehtiyatlı olmalıdırlar”.
Rüfət Sultan, Bizim.Media