Son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında Azərbaycanın Ana Qanunu-Konstitusiyasına əlavə və dəyişikliklər ediləcəyi bərədə müxtəlif fikirlər səslənir. Lakin sözügedən fikirləri səsləndirənlər bu dəyişikliyi zəruri edən səbəblər barədə ortaya heç bir əsas qoymur, sadəcə ümumi danışmaqla işlərini bitmiş hesab edirlər.
Nəzərə alaq ki, heç də hər kəs qanunvericilik təşəbbüsü ilə çıxış edə bilməz. Azərbaycanda qanunvericilik təşəbbüsü ilə çıxış etməli olan kateqoriyalar barədə qanunvericilikdə konkret müddəlar var. Üstəlik, Konstitusiyaya dəyişiklikləri və əlavələri zəruri edən əsaslı səbəblər olmalıdır. Bu dəyişikliyə sosial sifariş olmalıdır.
Nə sosial sifariş var, nə də qanunvericilik təşəbbüsü
İndiki məqamda isə Konstitusiyaya əlavə və dəyişiklikləri zəruri edən heç bir səbəb yoxdur. Nəzərə alaq ki, sonuncu dəfə 2016-cı ildə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı qanunvericilik təşəbbüsü olmuşdu. Zamanın tələbinə uyğun olaraq Konstitusiyanın 42 maddəsinə 29 dəyişiklik təklif edilmişdi. Bu dəyişikliklər əsasən aşağıdakılar idi:
- Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması.
- Azərbaycan prezidenti seçilmək üçün yaş məhdudiyyətinin 35 yaşdan 18 yaşa düşürülməsi.
- Birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması.
- Prezidentin öz vəzifəsini vaxtından əvvəl tərk etməsi halında, yeni dövlət başçısı seçilənədək onun səlahiyyətlərinin birinci vitse-prezident tərəfindən icra edilməsi.
- Prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərini elan etmək hüququnun verilməsi.
- Milli Məclisə üzv seçilmək üçün yaş məhdudiyyətinin 25 yaşdan 18 yaşa düşürülməsi.
Uzun və gərgin müzakirələrdən sonra 26 sentyabr 2016-cı ildə ümumxalq səsverməsi - referendumu keçirildi. Və seçicilərin 69,70 faizinin iştirak etdiyi səsvermədə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr ümumxalq səsverməsi ilə qəbul edildi. Göründüyü kimi 2016-cı ildə Ana Qanuna dəyişiklik üçün xeyli əsaslı səbəblər vardı. Amma bu gün belə bir əsas və sosial sifariş yoxdur.
“Gündəm qəhrəmanları” nəyi qarışdırıblar?
Bu məsələ olsa-olsa ayrı-ayrı adamların gündəmdə qalmaq təşəbbüsləridir. Çünki bu fikirləri səsləndirən kəslər ortaya heç bir əsaslandırılmış fakt qoya bilmirlər.
Apardığımız araşdırmalar və təhlillər nəticəsində aydın oldu ki, Konstitusiyaya dəyişikliklərin ediləcəyi ilə bağlı fikir səsləndirənlər Azərbaycan Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamını düzgün qavramayıblar. Məlum olduğu kimi Prezident İlham Əliyev məlum Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və suverenlik ili” elan olunub.
Ən əsası Sərəncamda “Konstitusiya və Suverenlik ili” nin elan olunmasının səbəbləri çox aydın şəkildə göstərilib. Belə ki, Sərəncamda qeyd olunur ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq bu il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.
Bu da o deməkdir ki, bu il xalqımız 2025-ci ildə Konstitusiyamızın 30 yaşını, Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpa olunmasının 5-ci ildönümünü təntənə və qürurla qeyd edəcək.
Çox təəssüf ki, bəzi gündəm qəhrəmanları Azərbaycan Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamını diqqətlə oxumayıblar. Onlar zənn ediblər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyaya hansı dəyişiklikləri gündəmə gətirilməsi deməkdir.
Amma bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanda Konstitusiyaya əlavə və dəyişiklikləri zəruri edən heç bir səbəb yoxdur.
Bu gün xalqımızın və dövlətimizin yeganə hədəfi Azərbaycanı regional oyunçudan beynəlxalq aktora çevrilməsinə nail olmaqdır.
Bizim.Media-nın analitik qrupu
- A-
- A
- A+
Siyasət
08:41 / 27.01.2025
Konstitusiya dəyişikliyi OLMAYACAQ – TƏHLİL
Hazırda oxunan: Konstitusiya dəyişikliyi OLMAYACAQ – TƏHLİL
Hazırda oxunan: Konstitusiya dəyişikliyi OLMAYACAQ – TƏHLİL
231864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.